Dəmir yolu ilə sərnişin daşınmasının bərpası Gürcüstanla olan bağlılığımızı daha da gücləndirəcək-ŞƏRH

Tarix: 21:26 22.02.2025
5 ildən artıqdır ki Azərbaycanın quru sərhədləri, o cümlədən dəmir yolu ilə sərnişin daşınması bağlı vəziyyətdədir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib. Şərhçinin sözlərinə görə, qapalı fəaliyyətlərin mayın 1-dən bərpa olunması məsələsi gündəmdədir:
“Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunması müzakirə edilib. Bu məqsədlə Tbilisidə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə Gürcüstanın Baş nazirinin I müavini arasında danışıqlar baş tutub. Keçirilən görüşdə sərnişin daşınmasının mayın 1-dən etibarən fəaliyyətə başlaması məsələsi müzakirə olunub”.
E.Həsənov baş tutan görüşün Gürcüstan-Azərbaycan arasındakı dostluq münasibətlərinə mühüm töhfə verdiyini də vurğulayıb:
“Gürcüstanda bizim 500 mindən artıq soydaşımız yaşıyır. Bu say Azərbaycanda yaşayan Gürcüstan kökənli vətəndaşlarla eynilik təşkil edir”.
Şərhçi hər iki ölkə arasında mövcud olan qohumluq əlaqələrindən də söz açıb:
“Quru yolların bağlı olması səbəbindən bir çox insanlar Gürcüstana getməklə bağlı müəyyən problemlərlə üz-üzə qalırlar.
Eyni zamanda maddi problemlər də ön plana çıxır. Məsələn, bir çox şəxslər maddiyyat baxımdan təyyarə ilə gedib-gələ bilmirlər”.
E.Həsənov mövcud maneələrinin qarşısınən alınması üçün dəmir yolu ilə sərnişin daşınması fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edib:
“Bu fəaliyyətin bərpası ehtimalı sevindirici bir hadisədir. Ölkəmizin bu məsələyə razılığı, Azərbaycan-Gürcüstan arasındakı iqtisadi-siyasi inkişafa daha bir töhfədir. Azərbaycan daim Gürcüstanla sıx əlaqədə olub. Həmçinin, Gürcüstanın istirahət guşələri də azərbaycanlılar üçün maraq nöqtəsi olub”.
Şərhçinin sözlərinə görə, Gürcüstanda mövcud olan sanitoriyalar, tibbi krot idarələrindən ölkə vətəndaşlarımız asanlıqla faydalana bilər:
“Bu mənasa isə dəmir yolunun açılması hesab edirəm ki, çox yaxşı haldır və bu Gürcüstanla olan bağlılığımızı daha da gücləndirəcək”.
E.Həsənov eyni zamanda Rusiya ilə dəmir yolu ilə sərnişin daşınması məsələsindən də bəhs edib:
“Hesab edirəm ki, Azərbaycan-Rusiya arasında dəmir yolu ilə sərnişin daşınması məsələsi də yaxın müddətdə həll olunacaq. Rusiyada 3 milyondan artıq azərbaycanlı yaşayır. Həmin vətəndaşların isə təyyarə vasitəsilə Azərbaycana gəlib-getmələrində müəyyən çətinliklər özünü göstərir.”.
Şərhçi sonda quru sərhədlərin açılması məsələsini də əlavə edib:
“Dünyada gedən siyasi-iqtisadi proseslər qaydasına düşəndən sonra hesab edirəm ki, quru sərhədlər açılacaq. Azərbaycanın Gürcüstana, Avropa ölkələrinə, həmçinin Rusiyaya gediş-gəlişləri daha rahat şəraitdə baş tutacaq. Bu da əhalimizin qonşu ölkələrlə gediş gəlişində yeni bir töhfə olacaq”, deyə şərhçi yekunlaşdırıb.
Gülxanım Əliyeva