“Tramp heç bir ölkənin mövqeyindən çıxış etməyəcək”-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:46 17.02.2025

"Ukraynanı yenidən silahlandırmaq və Rusiyaya təzyiq göstərmək üçün ilkin danışıqlara ehtiyac var".

 

Bunu Finlandiya Prezidenti Aleksandr Stubb Münxen Təhlükəsizlik Konfransında deyib. 

 

Finlandiya dövlətinin başçısı , həmçinin bəyan edib ki, Rusiya yenidən Ukraynaya hücum edərsə, Ukrayna avtomatik olaraq NATO-ya qəbul olacaq.

 

Mövzu ilə bağlı politoloq Natiq Miri “informator.az”a açıqlamasında bildirib ki, əgər bunun üçün şərait və zəmin yaranarsa, Rusiya yenidən Ukraynaya hücum edə bilər:

 

“Ona görə də danışıqlarda tutulan mövqe çox önəmlidir. Rusiya bu danışıqlarda qalib kimi çıxmamalıdır. Yox, əgər Rusiyaya güzəşt edilərsə, onu qalib kimi tanıyarlarsa, Rusiyanın iddiası Ukrayna sərhədlərini aşacaq. O, yenidən özü üçün təsir dairəsi və daha artığını istəyəcək ki, bu da ənənəvi Rusiya imperailzminin siyasətidir. Ona görə də Ukraynaya yardım etmək, silahlandırmaq və danışıqlarda Ukraynanın mövqeyini gücləndirmək bu, Avropanın maraqlarına uyğundur. Çünki bu təkcə Ukraynanın deyil, Avropanın təhlükəsizliyini təmin etməkdir. Çünki Rusiya bu gün Ukraynaya qarşı vuruşduğunu iddia etmir. Ukrayna bütün Qərb dünyasına, NATO ilə müharibə apardığını iddia edir. NATO ilə müharibədə qalib gəldiyini düşünürsə, Ukraynadan sonra istənilən Avropa ölkəsinə hücum etmək Rusiya üçün o qədər də problem olmayacaq. O baxımdan Finlandiya Prezidentinin dediklərində həqiqət var”. 

 

Politoloq, Ukraynanın NATO-ya daxil olub-olmayacağından da danışıb:

 

“Ukraynanı NATO-ya qəbul etmək üçün növbəti dəfə Rusiyanın hücumuna ehtiyac yoxdur. Çünki NATO-ya Ukraynanı qəbul etmək bu, Rusiya üçün çəkindirici məqam daşıyır. Bu əgər çəkindirici məqamdırsa, bir də Rusiyanın növbəti hücumunu gözləməyə nə ehtiyac var. Bu yanlış siyasətdir. Ən azından Ukraynanı NATO-ya qəbul etməsələr də, NATO-ya dəvət edə bilərlər. İntensiv danışıqlar başlayar ki, bu da Rusiya üçün ciddi məqamdır. Çünki artıq Rusiya prespektiv bir NATO ölkəsi ilə müharibə apardığını anlayacaq. Bu, Rusiya üçün müharibəni bitirmək üçün ən ciddi səbəb ola bilər. 

İndiki vəziyyətdə Ukraynanın NATO-ya daxil olması mümkün görünmür. Çünki NATO-nun ipini çəkən əsas ölkə ABŞ-dir. Tramp da heç bir zaman buna imkan verməyəcək. Bundan başqa, Avropa birliyi NATO-nun digər ölkələri var ki, burada da birlik nümayiş olunmur. Rusiyadan yana siyasət yürüdən ölkələr var-Slavakiya, Macarıstan. Bu ölkələr hələ də Ukraynanın NATO-ya qəbul olunmasına imkan vermirlər və verməyəcəklərini bəyan edirlər. Ancaq prespektivdə Rusiya Ukraynaya yenidən hərbi təcavüz edərsə, bu barədə fikirlər ki, Ukraynanı NATO-ya qəbul edəcəklər. Bu da Rusiya üçün dur nöqtəsidir. Çünki NATO-nun büdcəsi , silahları , müasir ordusu, nüvə silahları hər cəhətdən Rusiyanı üstələyir.

NATO dövlətləri Rusiyanı çevrələyən bir vəziyyətdədir. Ona görə də NATO ilə müharibədə Rusiyanın qalib gəlmə şansı sıfıra bərabərdir. Məhz NATO ilə qarşı-qarşıya gəlməmək üçün zaman-zaman Rusiya nüvə silahından istifadə edə biləcəyi ilə bağlı qorxudur”. 

 

Müsahibimiz Trampın hansı tərəfin mövqeyindən çıxış edəcəyi ilə bağlı məsələyə də toxunub:

 

“Tramp heç bir ölkənin mövqeyindən çıxış etməyəcək. Trampın oyunu sadəcə , bu günə qədər ABŞ-nin yardımlar və hərbi təchizat yönündə edilən maliyyələri Ukrayna dəfələrlə artıq misli ilə ABŞ-yə qaytarmaqdan ibarətdir. Ukrayanın torpaqları altında , xüsusilə də Donbas vilayətində Kiyevə doğru ərazilərdə çox ciddi qazıntılar , metallar və qeyri-metallar var. Ən prespektivli metallar var ki, bunların da bütövlükdə 7 trilyon dollar səviyyəsində olduğu bildirilir. Bu da Trampın iştahasını qabardır. 

Əslində , bu gün Rusiya Ukraynanı tamamilə işğal etmək istəyini ortaya qoyarkən, bunu Rusiyanın təhlükəsizliyi , NATO-nun guya Rusiyanın çevrələməsi ilə əlaqələndirir. Ancaq bu , əsas məqsədi gizlətmək xarakteri daşıyır. Bütün bu müharibələr insanların kütləvi ölümü , həmin bu Ukrayna torpaqları altında gizlənən 7 trilyonu “qazanmaq” dan ötrüdür. Buna görə də burada bir qazanan olacaqsa, Tramp qazanacaq. Çünki Rusiya indiyə qədər bir milyon insan itirib. On illərlə bərpa edə bilməyəcəyi səviyyədə hərbi texnikalar itirib”. 

 

Kəmalə Vəliyeva