Niyə bəzi insanlar paranormal hadisələrə daha çox inanır?

Tarix: 22:35 17.02.2025
Həm keçmişdə, həm də bu gün paranormal hadisələrə inam geniş yayılmış mövzudur.
Bu mövzu haqqında psixoloq Aygün Ağabalayeva "informator.az"a açıqlamasında bildirib ki, keçmişdən götürsək, bir çox insan izahı olmayan hadisələrə inanıb:
"Sanki onların həyatında qeyri-adi bir şey olmayanda, həyat onlara maraqsız gəlirdi. Məsələn, o vaxtlar Kaşpirovski və Çumak adlarını çəkirdilər. Kaşpirovskinin seansları televiziyada yayımlanırdı və insanlar kütləvi şəkildə ekran qarşısında oturub o möcüzələrə inanaraq baxırdılar. Təbii ki, ona hər kəs inanmırdı. Dediyim kimi, buna kütləvi informasiya vasitələri təsir göstərir. Son zamanlarda paranormal hadisələrlə bağlı çoxlu məlumat yayılır, videolar paylaşılır. Bunlar da insanların belə hadisələrə inamını artırır".
Psixoloq həmçinin bildirib ki, burada yaş faktorunun da rolu böyükdür:
"Hətta ölkələrdən birində statistik göstəricilər açıqlandı. Paranormal hadisələrə ən çox inanan yaş qrupları yeniyetmələr və 40-60 yaş arası insanlardır. Burada təbii ki, fərdi faktor da var. Hər bir insanın beynindən fərqli fikirlər keçir. Bəzən görürük ki, heç bir məntiqə uymayan düşüncələr yaranır. Amma elə insanlar var ki, buna inanmağa çalışır və inanır. Hər bir insan həyatında stress yaşayır, müəyyən gərginliklər və travmalar olur. Bunlar psixoloji boşluğa səbəb olur. İnsan bu boşluğa düşdükdə, gərgin anında elə insanlar var ki, hər bir hadisəyə – hətta paranormal hadisələrə belə – hansısa bir anlam qatıb inanmağa çalışırlar. Çıxış yolu kimi, hətta sanki onlara bir istiqamət göstərilir kimi yanaşırlar. Təbii ki, bunu hamıya şamil etmək düzgün deyil. Bu, fərdi faktordur. Hər bir insanın psixoloji gərginliyindən, keçirdiyi travmaların dərinliyindən və ətrafındakı insanların bu inancları dəstəkləyib- dəstəkləməməsindən asılıdır. Əgər ətrafdakı insanlar da bunu dəstəkləsə, belə hallar daha da dərinləşir və çoxalır".
Eyni zamanda psixoloq bildirib ki, bu kimi hallar insanda təkrarlandıqda, buna sayrışan hallar nevrozu deyilir:
"Elmi dildə bunun adı obsessiv-kompulsiv pozuntudur. Yəni insanın beynində mənasız, əsassız fikirlər davamlı olaraq təkrarlanır. Belə bir narahatlığı yaşayan insan bunu özündə problem kimi görmür, çünki paranormal hadisələr məntiqə uymasa da, onların izahını tapmağa və nələrləsə əlaqələndirməyə çalışır. Özündə bunu pozuntu kimi hiss etmir. Lakin ətrafındakı insanlar və yaxınları belə hallar müşahidə etdikdə, vaxtında mütəxəssisə müraciət etmələri tövsiyə olunur".
Nigar Həsənzadə