"Dərmanların Azərbaycan dilində təlimatsız satışına cərimə tətbiq olunacaq"

Tarix: 21:03 18.02.2025
Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərdə istifadə təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi barədə mediada məlumat yayılıb.
Səhiyyə Nazirliyi analtik ekspertiza mərkəzi “İnformator.az”a mövzu ilə bağlı açıqlama verib:
“Əhali arasında çaşqınlıq yaranmaması üçün bildiririk ki, ölkə ərazisində dərman çatışmazlığının qarşısının alınması məqsədilə atılan ən mühüm addımlardan biri də dərman vasitələrinin qeydiyyat-ekspertiza qaydalarının sadələşdirilməsi və beynəlxalq qeydiyyatın tanınması olub. Belə ki, dərman vasitələrinin istifadə təlimatları (içlik vərəqə) hər-hansı xarici dildə olarsa, qeydiyyat vəsiqə sahibinin Azərbaycan dilində təsdiq etdiyi içlik vərəqəsi apteklərə təqdim edilməlidir. Bu tələb “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsində öz əksini tapır. Belə ki, Azərbaycan dilində olan içlik vərəqəsi dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek kağız formasında çap edərək ona təqdim olunur. Həmin dərman vasitəsinin vəsiqə sahibi apteki Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.
Qanunvericiliyin bu tələbi pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 221.13 və 221.14-cü maddələri üzrə protokol tərtib edilərək İnzibati tənbeh tədbirləri görülür. Belə ki, 221.3-cü maddəyə əsasən, Azərbaycan dilində olan istifadə təlimatı dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin vəsiqə sahibi aptekin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəsiqə sahibləri – vəzifəli şəxs olduqda 1500-2000, hüquqi şəxs olduqda isə 5000-7000 manat məbləğində cərimə edilir".
Müsahibimizin sözlərinə görə, aptekləri isə yalnız vəsiqə sahibləri Azərbaycan dilində təsdiq edilən istifadə təlimatı ilə təmin etdiyi halda, istehlakçının tələbi əsasında içlik vərəqəsinin kağız formasında çap edərək istehlakçıya təqdim etməməsinə görə 50 manat məbləğində cərimə edilir:
"Əlavə olaraq qeyd etməliyik ki, cənab prezidentin müvafiq göstərişləri əsasında səhiyyə sahəsində aparılan dəyişikliklərdən biri də elektron resept sistemidir ki, bu sistem vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatları ilə elektron qaydada da tanış ola bilərlər. Bunun üçün vətəndaşlar elektron resept sistemində dərmanlar bölməsinə daxil olaraq, müvafiq dərmanın istifadə təlimatını əldə edə bilərlər”.
Xanım Ağamalıyeva