Uşaqlarda intuisiya yaşla zəifləyirmi?-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:27 18.02.2025

"İntuisiya insanın şüuraltı şəkildə qərar vermə və hadisələri hiss etmə bacarığıdır".

 

Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Zeynəb Eyyubova söyləyib. Psixoloq  uşaqlarda intuisiya nə vaxt və necə formalaşmağa başlamasından da bəhs edib:

 

"Uşaqlarda bu qabiliyyət erkən yaşlardan – təxminən 2-3 yaşlarında formalaşmağa başlayır. Bu dövrdə onlar ətraf mühitdən gələn siqnalları daha çox hiss edir, valideynlərinin emosional vəziyyətini instinktiv olaraq duyurlar. 4-7 yaş aralığında isə uşaqların intuitiv düşüncə qabiliyyəti daha da güclənir. Bunun əsas səbəbi onların məntiqi analiz etmə bacarıqlarının hələ tam inkişaf etməməsidir. Uşaqlar gördükləri, hiss etdikləri və yaşadıqları təcrübələr əsasında dünyanı qavrayır, qərarlarını daha çox instinktiv və emosional olaraq qəbul edirlər. İntuisiya əsasən müşahidə, təcrübə və emosional əlaqələr vasitəsilə inkişaf edir. Uşaqlar ətraflarındakı insanların jest və mimikalarına, səs tonlarına və enerjilərinə həssaslıqla yanaşaraq müəyyən vəziyyətlər barədə hisslər formalaşdırırlar. Məsələn, bir uşaq valideyninin əhvalının pis olduğunu sözlərdən deyil, onun üz ifadəsindən və səs tonundakı dəyişikliklərdən anlaya bilər. Bəzi mütəxəssislər hesab edirlər ki, uşaqlarda intuisiya yaş artdıqca zəifləyə bilər. Bunun əsas səbəbi məktəb illərində məntiqi düşüncə və analitik yanaşmanın daha çox inkişaf etməsidir. Uşaqlar böyüdükcə qərarlarını məntiqi analiz edərək verməyə meyilli olurlar. Məktəb və cəmiyyətin təsiri ilə onlar real faktlara əsaslanan düşüncə tərzini mənimsəyir, nəticədə intuisiya arxa planda qalır".

 

Zeynəb Eyyubovanın sözlərinə görə, intuisiya tamamilə yox olmur:

 

"Əksinə, düzgün inkişaf etdirilərsə, yaş artdıqca da güclənə bilər. İnsan intuisiyasını inkişaf etdirmək üçün duyğularına güvənməyi öyrənməli, müşahidə bacarığını artırmalı və şüuraltı siqnalları dəyərləndirməyi bacarmalıdır. Valideynlər və müəllimlər uşaqlara yalnız məntiqi düşüncəni deyil, eyni zamanda hisslərinə güvənməyi də öyrətməlidirlər. İntuitiv düşüncə və məntiqi düşüncə fərqli yanaşma tərzləridir: İntuitiv düşüncə – daha çox hisslərə, instinktlərə və şüuraltı qavrayışa əsaslanır. Bu düşüncə tərzi sürətlidir, ani qərarlar verməyə kömək edir və çox zaman məntiqi izahı olmayan, lakin doğru çıxan nəticələrə gətirib çıxarır. Məsələn, bir insan ilk görüşdə qarşısındakı şəxsin etibarlı olub-olmadığını hiss edə bilər. Məntiqi düşüncə – analitik yanaşmaya, faktlara və səbəb-nəticə əlaqələrinə əsaslanır. Bu düşüncə tərzi qərar vermək üçün dəlilləri analiz etməyə, müxtəlif alternativləri müqayisə etməyə və nəticələr çıxarmağa kömək edir. Məsələn, bir şəxs işə müraciət edərkən müxtəlif seçimləri araşdırıb, müsbət və mənfi tərəfləri dəyərləndirərək qərar verə bilər. Bu iki düşüncə tərzi bir-birini tamamlayır və sağlam qərarlar qəbul etmək üçün hər ikisi lazımdır. Uşaqlarda həm intuisiya, həm də məntiqi düşüncəni inkişaf etdirmək vacibdir ki, onlar gələcəkdə hər iki bacarığı balanslı şəkildə istifadə edə bilsinlər".

 

Fatimə Abdulrəhimli