Prezident Ərdoğan: Sülh danışıqları üçün Türkiyə ideal ev sahibi olacaq

Tarix: 21:44 18.02.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında çıxış edərək, “Rusiya, Ukrayna və ABŞ arasında qarşıdakı dövrdə keçirilməsi mümkün olan görüşlər üçün ölkəmiz ideal bir ev sahibi olacaq” deyib.
Prezident Ərdoğan, Prezident Administrasiyasında Zelenski ilə təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirdi, ardından işgüzar nahar zamanı aparılan müzakirələr çərçivəsində imzalanan sazişlərə sədrlik edib və birgə mətbuat konfransı təşkil edib.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin dördüncü ilinə keçdiyini xatırladan Ərdoğan, müharibədə həyatını itirənlərə görə Ukrayna xalqına başsağlığı verib.O, Zelenskinin səfərinin Ukraynadakı müharibənin əsas dinamiklərinin dəyişməyə namizəd olduğu bir dövrdə baş tutduğunu qeyd edib.
Türkiyənin “Müharibənin qalibi, sülhün isə məğlubu olmaz” prinsipi ilə hərəkət etdiyini vurğulayan Ərdoğan, “Bu istiqamətdə 2022-ci ilin mart ayında İstanbulda iki ölkə arasında birbaşa danışıqlara ev sahibliyi etdik. Tərəflərlə apardığımız təmaslar nəticəsində Qara Dəniz Taxıl Təşəbbüsünü həyata keçirdik. Son üç ildə Rusiya və Ukrayna ilə bütün səviyyələrdə birbaşa diplomatik təşəbbüslər həyata keçirdik. Bu səylərimiz çərçivəsində hər iki tərəf üçün etibarlı vasitəçi olmağa səmimi şəkildə çalışdıq və konkret nəticələr əldə etdik” ifadələrini işlədib.
Günel Verdiyeva
TRT XƏBƏR