Azərbaycanda təhlükəli qida məhsulları satanları həbs cəzası gözləyir

Bölmə: Sosial › ,
Tarix: 20:00 18.02.2025

Son dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinə təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması ilə bağlı yeni maddə əlavə olunub.

Mövzu ilə bağlı AQTİ-nin mətbuat katibi Rəşad Mehdizadə "informator.az"a açıqlamasında bildirib ki, "Qida Təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda insanların həyat və sağlamlığının, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı bir sıra mühüm tələblər müəyyən edilib:

 

“Bu tələblərin icrasına dövlət nəzarətinin daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 17 fevral 2025-ci il tarixində yeni qanun qəbul edilib. Bu Qanun qida zənciri obyektləri və subyektlərinin, həmçinin qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı ilə məşğul olan obyektlərin “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmadan və ya təsdiq edilmədən fəaliyyət göstərməsini qadağan edir. Həmçinin qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş məhsulların istehsalı, emalı, dövriyyəsi, idxal olunmuş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanması, satışı və ya başqa cür özgəninkiləşdirilməsi inzibati məsuliyyət yaradır. Bundan əlavə, yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin ilkin istehsalı, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada bildirişin göndərilməməsi də yeni inzibati sanksiyalarla cəzalandırılacaq".

 

Ekspert bildirib ki, qanuna əsasən, qida zənciri subyektləri qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərini “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparmalıdırlar:

 

"Bu proseslərə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, yaxud müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağan edilir. Bu tələblərə əməl etməyən şəxslərə tətbiq edilən inzibati cərimələrin məbləği artırılıb. Cinayət Məcəlləsinə yeni 200-3-cü maddə əlavə edilib. Həmin maddəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli olan qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, təqsirli şəxslər üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum ediləcək".

 

Müsahib son olaraq əlavə edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində edilən bu dəyişikliklər 2025-ci il martın 1-dən qüvvəyə minəcək.


Aydan Quliyeva