Cəmiyyətmizdə valideyn olmaq bioloji zərurətdir, yoxsa şüurlu seçim ?

Tarix: 22:30 18.02.2025
Bütün insanlar müəyyən bir yaş həddindən sonra evlənib valideyn olmaq arzusu duyurlar. Övlad sahibi olmaq, onu tərbiyə etmək, böyüməsini izləmək və s. əlbəttə ki, gözəl hisslərdir. Lakin bəzən insanlar valideyn olarkən dünyaya yeni bir insan – canlı varlıq gətirdiklərinin fərqində olmadan, sadəcə ana və ya ata olmağa can atırlar və bu prosesin mahiyyətini tam anlamırlar.
Mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert sosioloq Elçin Bayramlı "informator.az"a açıqlamasında bildirib ki, yaradılışın əsas qanunu, çoxalma və davamlılıqdır:
“Ümumiyyətlə, yaradılışın ən əsas qanunu çoxalmaq və davamlılıqdır. Təbiətdə bütün canlılar üçün bu prinsip keçərlidir, o cümlədən insan üçün də. Hər bir insan həyatının müəyyən bir dövründə yetkinlik yaşına çatdıqdan sonra evlənməli, ailə qurmalı və övlad böyütməlidir. İnsanlığın və bəşəriyyətin davamlılığı bu əsas prinsipə bağlıdır.
Bəzi əks qüvvələr evlənməmək, hər kəsin yalnız öz şəxsi həyatını yaşaması ideyasını təbliğ etsələrdə, bu, təbiət qanunlarına zidd olan bir yanaşmadır və bəşəriyyətin məhvinə aparan bir prosesdir.
Fiziki-bioloji baxımdan təbiət insana təxminən 15 yaşında ata və ya ana olma qabiliyyəti verir. Min illərdir ki, insanlar bu sistemlə yaşayır. Lakin son dövrlərdə evlənmə yaşı artırılaraq 18 yaşa çatdırılıb. Bu yaşsa bioloji yetkinlik olsa da, evlilik üçün psixoloji-mənəvi hazırlıq da vacibdir.
Keçmişdə bu faktor o qədər də əhəmiyyətli deyildi, lakin müasir dövrdə ailə həyatına, övlad böyütməyə yalnız fiziki və maddi baxımdan deyil, psixoloji-mənəvi cəhətdən də hazır olmaq lazımdır. Bəzi insanlar ailə və övlad sahibi olmağa bioloji və maddi cəhətdən hazır olsalar da, psixoloji cəhətdən hazır olmurlar. Bu, ailə problemlərinə, boşanmalara və uşaqların ortalıqda qalmasına gətirib çıxarır”.
Bəs ailə dəyərlərinin zəifləməsinin səbəbləri nədir ?
“Keçmişdə insanlar yetkinlik yaşına çatdıqdan sonra evlənir və ailə qururdular. Lakin müasir dövrdə bu, kütləvi şəkildə baş vermir. Problemin kökü nədədir? Əvvəllər evlənmə yaşı 15-16 idi, indi isə 18 və daha yuxarıdır, belən olan halda əsas problem nədir? Bunun əsas səbəbi cəmiyyətdə fərdin düzgün formalaşmamasıdır.
Əgər insan psixoloji problemlərlə üzləşirsə, zəif dünya görüşünə malikdirsə və ailə qurmağın məsuliyyətini anlamırsa, bunun əsas səbəbi ailə tərbiyəsinin zəif olmasıdır. Cəmiyyət sağlam uşaqlar böyütməli, onlara düzgün dünya görüşü aşılamaqla vicdan və dəyərlər qazandırmalıdır. Əks halda, gələcək nəsillər ailə dəyərlərini itirəcək və cəmiyyət zəifləyəcək”.
Maddi çətinliklər və ailə qurmaq:
“Bəzi insanlar sosial vəziyyətlərinin aşağı olmasını ailə qurmaq üçün maneə kimi görürlər. Lakin tarixin bütün dövrlərində maddi çətinliklər olub və bu, evliliyin qarşısını alan əsas amil sayılmır. Əsas məsələ insanın mənəvi və psixoloji hazırlığıdır. Əgər bir insan bu şərtləri ödəyirsə, ailə qurmalı və övlad sahibi olmalıdır.
Dövlət bu prosesə ciddi yanaşmalı, ailə institutunu qorumaq üçün müvafiq sosial mühit yaratmalıdır. İnsanlar fiziki və bioloji cəhətdən sağlam böyüməli, keyfiyyətli təhsil almalı, milli-mənəvi dəyərlərə sahib olmalı və doğru tərbiyə ilə yetişdirilməlidir. Əks halda, cəmiyyət psixoloji və mənəvi problemlərlə üzləşəcək.
Sosioloqun sözlərinə görə milli genofondumuz bu mənada təhlükə altındadır:
Statistik göstəricilərə əsasən Azərbaycanda doğum səviyyəsi azalır, boşanmalar dünya rekorduna çatır və milli genofond təhlükə altına düşür. Bu, bir millətin məhv olması deməkdir. Ona görə də ailə institutunun qorunması və düzgün tərbiyənin formalaşdırılması həyati vacib məsələdir və bu problemin aradan qaldırılması işi əsasən cəmiyyətin və dövlətin üzərinə düşür”, - deyə o, fikirlərini yekunlaşdırıb.
Mahmud Əskərli