Elektrikli skuterlər üçün niyə yaş tələbi yoxdur?

Tarix: 22:09 18.02.2025
Son illərdə şəhər nəqliyyatında populyarlaşan elektrikli skuterlər təhlükəsizlik və qanunvericiliklə bağlı bir sıra suallar doğurur. Xüsusilə, avtomobil yollarında tətbiq edilən qaydalar səkilərdə və ictimai yerlərdə nəzərə alınmadığı üçün piyadalar və sürücülər arasında narazılıq artır.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, onların yaş məhdudiyyəti belədir ki, əgər avtomobil yolu ilə vətəndaş hərəkət edirsə, onun yaşı minimum 16 olmalıdır:
“Yaşı 16-dan az olan vətəndaşların avtomobil yolunda elektrik skuteri idarə etməsi qadağandır. Lakin burada bir boşluq var. Hazırda yalnız avtomobil yolları üçün yaş tələbi mövcuddur. Səkilərdə, park və ya yaşayış məhəllələrində isə belə bir məhdudiyyət yoxdur. Bu da həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyətlər yaradır. Elektrikli skuterlər 25-30 km/saat sürət yığa bilir, bu isə ciddi təhlükəsizlik qaydalarını tələb edir. Azyaşlıların və qaydaları bilməyən şəxslərin skuterlərdən istifadə etməsi həm özləri, həm də ətrafdakı insanlar üçün risklidir. Fikrimcə, yaş tələbi yalnız avtomobil yolları ilə məhdudlaşmamalıdır. Səkilər və digər ictimai yerlər üçün də müəyyən qaydalar tətbiq edilməlidir. Bundan əlavə, ölkədə elektrikli skuterlərlə bağlı qanunvericilik hələ tam formalaşmayıb. Avtomobil yollarında yaş həddi göstərilsə də, ümumi istifadəyə açıq ərazilərdə boşluqlar var. Təhlükəsizlik üçün bu məsələlər tezliklə tənzimlənməlidir. Maarifləndirmə işləri aparılmalı, azyaşlıların qoruyucu vasitələrdən istifadə etməsi məcburi olmalıdır. Əks halda, bu nəqliyyat vasitəsi faydadan çox təhlükə yaradacaq”.
Mehriban Nəsibova