Virtual reallıq və beyin- Virtual reallıq terapiyalarının psixologiyaya təsiri

Tarix: 20:38 19.02.2025
Virtual reallıq texnologiyaları son illərdə sürətlə inkişaf edərək müxtəlif sahələrdə, o cümlədən psixologiya və psixoterapiyada innovativ yanaşmalara yol açıb. Beyin-Virtual reallıq terapiyaları emosional və psixoloji problemlərin müalicəsində yeni imkanlar yaradaraq, gələcəkdə daha geniş istifadəsi gözlənilən effektiv metodlardan birinə çevrilir.
Bu mövzu ilə bağlı psixoloq Helin Şadfar "informator.az"a açıqlamasında bildirib ki, virtual reallıq terapiyaları bəzi psixoloji problemlərin müalicəsində ənənəvi üsullardan daha effektiv ola bilər:
"Məsələn, fobiyalar və PTSP kimi problemlərdə pasiyentlər təhlükəsiz bir mühitdə qorxularına məruz qalaraq tədricən onlara adaptasiya oluna bilirlər. Lakin daha mürəkkəb psixoloji problemlər (məsələn, dərin depressiya, şəxsiyyət pozuntuları və travmatik uşaq təcrübələri) üçün ənənəvi psixoterapiya daha təsirlidir. Bununla belə, VR terapiyanın uğurlu olması üçün hələ də psixoloqun dəstəyi vacibdir və bəzi emosional problemlər üçün ənənəvi danışıq terapiyası daha təsirli ola bilər. Məncə, bu texnologiyanın istifadəsi müəyyən risklər və çətinliklər yarada bilər. Birincisi, VR terapiyanın hər kəs üçün eyni dərəcədə effektiv olub-olmaması hələ tam sübut olunmayıb və VR avadanlığları (VR eynəklər, xüsusi proqram təminatı) maliyyə cəhətdən hərkəsə uygun olmaya bilər. İkincisi, texniki problemlər və ya keyfiyyətsiz VR simulyasiyalar pasiyentdə yanlış reaksiyalara səbəb ola bilər. Uzun müddət VR mühitində vaxt keçirən insanlar real dünya ilə virtual dünya arasındakı fərqi dərk etməkdə çətinlik çəkə bilər. Xüsusilə psixoz, dissosiasiya pozuntusu və şizofreniya riski olan pasiyentlərdə bu daha təhlükəli ola bilər. Üstəlik, bəzi hallarda VR terapiya həqiqi həyatdan uzaqlaşmağa və reallıqdan qaçmağa səbəb ola bilər ki, bu da problemlərin həllinə yox, onların daha da dərinləşməsinə gətirib çıxara bilər. Eyni ilə, bəzi istifadəçilərdə baş gicəllənməsi, ürəkbulanma, göz yorğunluğu və hərəkət həssaslığı kimi simptomlar yarana bilər. Bu, uzun seanslarda narahatlıq yarada və terapiyanın təsirini azalda bilər".
Eyni zamanda psixoloq, gələcəkdə süni intellekt və virtual reallıq texnologiyalarının birləşməsi psixoterapiyanın hansı yeni imkanlarını yarada bilməsi haqqında da danışıb:
"Hərkəsə maraqlıdır ki, gələcəkdə bu texnologiyalar psixoterapiyada necə istifadə ediləcək. Süni intellekt pasiyentin emosional vəziyyətini analiz edib ona uyğun fərdiləşdirilən terapiya strategiyaları təqdim edə bilər. Virtual reallıq isə insanları travmatik xatirələri üzərində işləməyə, fobiyalarını aşmağa və sosial bacarığlarını inkişaf etdirməyə imkan verən realistik mühitlərə daxil edə bilər. Bundan əlavə, VR və Süni İntelekt texnologiyaları uzaq məsafədə yaşayan insanlara terapiyanı daha əlçatan edə bilər. Amma yenə də, məncə, insan psixoloqunun rolu heç vaxt tam əvəz edilə bilməz".
Nigar Həsənzadə