"ABŞ-nin Lavrova qarşı sanksiyalarının ləğvi ehtimalı istisna edilmir"

Bölmə: Siyasət › ,
Tarix: 20:47 19.02.2025

ABŞ Dövlət katibi Marko Rubio gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı birtərəfli sanksiyaların ləğvi ehtimalını istisna etməyib. Bu barədə Rubio Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Rusiya-ABŞ danışıqlarının yekununda bildirib.

 

“Biz hələ ki, danışıqların o səviyyəsində deyilik. Amma, əlbəttə ki, müzakirə edilməli olan bir sıra mövzular var”, - o, mətbuat konfransında Vaşinqtonun gələcək addımlarının Lavrova qarşı sanksiyaların ləğvini əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. Rubio vurğulayıb ki, hələ bu prosesə başlamayıblar, ilkin razılıq isə əldə olunub.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Rusiya-ABŞ danışıqlarının qənaətbəxş olduğu qeyd edilir:

 

"Hər iki tərəf bu danışıqların müsbət nəticələndiyini bəyan edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, "Rusiya və ABŞ-dən ibarət ayrı-ayrı danışıq qrupları Ukrayna ilə bağlı təmaslara başlayacaq. Ukrayna ilə bağlı ABŞ-lə təmasların nə vaxt başlayacağına Rusiya prezidenti özü qərar verəcək. Həmçinin ABŞ də dövlət katibi Marko Rubio gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı birtərəfli sanksiyaların ləğvini istisna etmədiklərini bəyan etməklə ortamı yumşaldaraq Vladimir Putin və Donald Trampın görüşünə qədər ali səviyyəli, həlledici danışıqlar üçün ilkin addımları atdıqlarını büruzə veriblər. Ümumiyyətlə, bu danışıqları daha sonrakı mərhələ üçün nəzərdə tutulan əsas və daha vacib görüşlərə hazırlıq hesab etmək olar. Çünki burada problemin konkret həlli ilə bağlı müzakirələrə yol açılıb, prezidentlərin görüşü üçün münbit mühit hazırlanıb.

Təbii ki, sanksiyaların ləğv edilməsi və digər məsələlərin yoluna qoyulması üçün ABŞ Dövlət katibi Marko Rubio və Rusiya XİN başçısı Sergey Lavrov iki ölkə arasındakı münasibətlərdəki "qıcıqlandırıcılar"ı aradan qaldırmaq üçün məsləhətləşmə mexanizmi yaratmağa razılaşıblar. Əgər bu və digər məsələlər üzərində işlənilib müvafiq razılıq əldə olunarsa, təbii ki, sanksiyaların qaldırılması da mümkün görünür. Hər iki tərəf bir-birinin maraqlarına toxunmamaq barədə anlaşıblar. Həmçinin iqtisadiyyat və investisiya sahəsində gələcəkdə əməkdaşlıq edəcəklərinə razılaşıblar. Təbii ki, bu sahələrdə irəliləyiş hiss olunarsa, hər iki tərəf başqa sahələrdə də əməkdaşlıq barədə müzakirə aça bilərlər".

 

Politoloqun sözlərinə görə, ümumi geosiyasi maraqlara dair məsələlərdə əməkdaşlıqla bağlı da anlaşmalar olub:

 

"Beləliklə, bu danışıqları hər iki tərəf normal qiymətləndirib. Buradan aydın olur ki, tərəflər arasında dialoqun yüksək səviyyəyə gəlməsi müharibənin bitirilməsinə yol açacaq. Çünki danışıqlardakı məsələlər hər iki ölkənin yaxınlaşmasını, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafını nəzərdə tutur ki, bu da təbii ki, müharibə şəraitində irəli gedə bilməz. Ona görə də problemin həllinə bir növ əsas hazırlanır.

Həmçinin bildirilib ki, Ukrayna münaqişəsinin həlli üçün bir görüş kifayət deyil. Tərəflər bu məsələ üzrə işə başlamaq üçün yüksək səviyyəli komandalar təyin etməyə razılaşıblar. Yəni, əsas və həlledici görüşlər digər komandalar arasında hələ irəlidə olacaq və Ukrayna münaqişəsinin konkret həlli məsələsi nəzərdə tutulan bu görüşlərin nəticəsində mümkün ola bilər".

 

Aygün Babayeva