Ermənistanın Silahlanma Addımı: Hindistandan Silah Alışı və Azərbaycanla Gərginlik

Tarix: 21:06 19.02.2025
Ermənistanın yenidən Hindistandan silah aldığı məlumatları yayılıb. Ermənistanın müdafiə nazirinin sözlərinə görə, Ermənistanın və Hindistanın birgə səyləri təkcə ölkənin müdafiə qabiliyyətinin artırılmasına deyil, həm də beynəlxalq və regional təhlükəsizliyin, sülhün və sabitliyin təmin edilməsinə yönəlib. Ermənistan Hindistandan 78 ədəd ATAGS artilleriya sistemləri almaq niyyətindədir.
Mövzu ilə bağlı politoloq Natiq Miri ‘’informator.az’’a açıqlamasında bildirib ki, ortada sülh sənədi yox ikən, Ermənistanın silahlandırılması heç bir qaydaya sığmır:
"Ermənistanın silahlanması, ordusunun tədricən komplekləşdirməsi və islahatlar adı ilə bəzi proseslər getməsi Ermənistan dövlətinin təhlükəsizliyini təmin etmək üçündür. Məsələnin adı və yönü budur. Amma Azərbaycan burada xüsusi əhəmiyyət daşıyır. Çünki digər ölkələrdən fərqli olaraq, Ermənistan Azərbaycanla müharibə şəraitindədir. Sülh müqaviləsi imzalanmayıb. Bu baxımdan, silahlanmanı birdə bu kontektsdən dəyərləndirmək lazımdır ki, Ermənistan özünü müdafiə etmək üçün müəyyən çalışmalar edir. Burada problem odur ki, böyük güclərin Ermənistana yardımı heç bir beynəlxalq qaydalara sığmır. Çünki Ermənistan müharibədə məğlub olub və kapitulyasiya sənədinə imza atıb. Bundan sonra atılacaq addım kapitulyasiya sənədi ilə birgə birdə sülh müqaviləsidir. Ortada imzalanmış sülh sənədi yox ikən, Ermənistanın silahlandırılması heç bir qaydaya sığmır. Çünki Ermənistan sadəcə sıradan bir dövlət deyil, Ermənistan ‘’böyük Ermənistan’’ xülyaları ilə yaşayan, cəmiyyəti aldadılan bir dövlətdir ki, bu dövlət də daim qonşu dövlətlərin ərazilərinə iddia edir və Azərbaycan torpaqlarının 20% işğal faktı bunu ortaya qoyur. Ona görə də Ermənistanın silahlanması sülh müqaviləsi olmadan yanlış bir addımdır. Azərbaycan da bununla bağlı hər zaman öz narahatlığını bildirib".
Eyni zamanda, politoloq qeyd edib ki, Ermənistanın bütün təhlükələrə dayanıqlı olması üçün Rusiya amili də mövcuddur:
"Nəzərə almaq lazımdır ki, Ermənistan qərbə inteqrasiya xəttinə qərar verib. Avropa Birliyinə üzvlük sənədi hökumət və parlament səviyyəsində qəbul olunub. Belə bir vəziyyətdə Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Paralel olaraq, Ermənistanın Türkiyə ilə sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Yəni Rusiya hərbiçiləri, hərbi texnikaları Ermənistanda mövcuddur. Bu da hakimiyyəti devirmək üçün potensial bir təhlükədir. Bu baxımdan, Ermənistanın silahlanmasını və güclənməsini birdə bu istiqamətdən dəyərləndirmək lazımdır. Azərbaycan Ermənistanın silahlanmasına hər zaman etirazını bildirib. Amma Ermənistan silahlanır deyə Azərbaycan Ermənistana müharibə elan edəcək deyil. Əgər bütün gözləntilər və sərhədlər aşılarsa və Azərbaycan özü üçün ciddi təhlükə hiss edərsə, Azərbaycan lokal, qısamüddətli şəkildə bir çox hərbi strateji obyektlərin və silahların məhv edilməsi üçün əməliyyat keçirə bilər".
Günel Verdiyeva