Müasir Dövrdə Ailə Modellərinin Dəyişməsi

Tarix: 21:17 19.02.2025
Zaman keçdikcə cəmiyyət dəyişir və bununla birlikdə ailə anlayışı da yenilənir. Əvvəllər ənənəvi ailə modeli dominant olsa da, bu gün fərqli ailə formalarına rast gəlirik. Texnologiyanın, iqtisadi şərtlərin və sosial dəyərlərin təsiri ilə gələcəyin ailəsi necə olacaq?
Bu barədə şüuraltı üzrə mütəxəssis, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, cəmiyyətin dəyişməsi ailə strukturunun dəyişməsinə mühüm təsir göstərir:
"Zaman keçdikcə cəmiyyət dəyişir və bu dəyişiklik ailə strukturuna da mühüm təsir göstərir. Əvvəllər cəmiyyətin əsas qurumlarından biri olan ailə müəyyən normativ dəyərlərə və sosial qaydalara əsaslanaraq formalaşırdı. Lakin texnologiyanın inkişafı, iqtisadi şəraitin dəyişməsi və sosial dəyərlərin yenilənməsi ailə modellərinin də tədricən dəyişməsinə səbəb olub. Müasir dövrün daimi inkişafı yeni ailə modellərinin yaranmasına gətirib çıxarıb və bu tendensiya gələcəkdə daha da güclənəcək.
Ənənəvi ailə modeli əsasən kişi və qadın arasında qurulan və sosial rollara əsaslanan struktur idi. Kişi ailənin başçısı sayılır, qərarlar onun tərəfindən qəbul edilirdi. Qadın isə evin baxıcısı və ana rolunu icra edirdi. Lakin bu struktur dövrün tələblərinə uyğun olaraq dəyişdi. Artıq müasir Azərbaycan ailələrində və ümumiyyətlə, dünyada bu ailə modeli əvvəlki kimi işlək deyil.
Bu gün müxtəlif ailə formaları ilə qarşılaşa bilirik. Məsələn, tək valideynli ailələr, evlilikdən əvvəl doğulan uşaqlar, evlənmədən birlikdə yaşayan cütlüklər və gec evliliklər artıq cəmiyyət üçün adi hala çevrilib. Bununla paralel olaraq, hüquqi çərçivədə də bu ailə formalarının müəyyən tənzimlənmələri yaradılıb. Xaricdə bunun geniş təcrübəsi var".
Müsahib texnologiyanın və iqtisadi faktorların ailə münasibətlərinə təsirindən də danışıb:
"Texnologiya və sosial şəbəkələrin artan təsiri insanların ünsiyyətinə böyük təsir göstərib. Əvvəllər cütlüklər daha çox üz-üzə görüşərək bir-birlərini tanıyırdılarsa, indi sosial platformalar üzərindən tanışlıq və ünsiyyət qurulur. Bu münasibətlər bəzən ciddi əlaqələrə çevrilir. Əlbəttə, bunun həm müsbət, həm də mənfi tərəfləri var.
Müsbət tərəfi odur ki, sosial şəbəkələr insanlara daha geniş seçim imkanı yaradır, yeni insanlarla tanış olmağa və fərqli düşüncə tərzi formalaşdırmağa kömək edir. Eyni zamanda, uzaq məsafədə olan insanlar üçün ünsiyyəti asanlaşdırır. Lakin mənfi tərəfləri də nəzərə almaq lazımdır. Sosial şəbəkələr bəzən real ünsiyyəti azaldır, insanlar arasında əlaqələri səthiləşdirir və ailə bağlarının zəifləməsinə səbəb ola bilər.
İqtisadi şərtlər də yeni ailə modelinə böyük təsir göstərir. Bəzi ölkələrdə yüksək işsizlik, bahalaşan yaşam xərcləri və qeyri-sabit əmək bazarı insanların ailə qurmasına və uşaq sahibi olmasına təsir edən əsas faktorlardandır. Bu səbəbdən, insanlar son dövrlərdə gec evlənməyə və ya ümumiyyətlə, evlənməməyi üstün tuturlar. Onlar düşünürlər ki, iqtisadi baxımdan ailə məsuliyyətini daşımaq çətindir".
İlahə Adil gələcəkdə ailə dəyərlərində gözlənilən dəyişiklikləri də qeyd edib:
"Gələcəkdə ailə dəyərlərində ən böyük dəyişiklik fərdi azadlığa daha çox önəm verilməsi olacaq. Əvvəllər ailə daxilində kişi və qadının rolları dəqiq müəyyən olunurdu: kişi çalışır, qadın isə ev işləri ilə məşğul olurdu. Bu model artıq dəyişməkdədir. Müasir ailələrdə bərabərlik anlayışı ön plana çıxır. Qadınlar daha çox iş həyatında iştirak edir, kişilər isə ev işlərində və uşaq tərbiyəsində daha çox yer alır.
Bu dəyişikliklər nəticəsində bəzi ailələr daha az uşaq sahibi olmağa, hətta bəzən ümumiyyətlə övlad dünyaya gətirməməyə üstünlük verirlər. Beləliklə, ənənəvi ailə modeli tədricən yerini fərqli ailə formalarına verməyə başlayır.
Gələcəkdə ailə anlayışının daha fərqli formalara keçidi gözlənilir. Tək valideynli ailələr, evlilik olmadan birlikdə yaşayan cütlüklər, fərqli mədəniyyət və etnik qruplardan olan ailələrin sayı artmaqdadır. Bir müddət sonra bu modellərin cəmiyyətin normativ halına çevrilməsi ehtimalı var.
Ümumiyyətlə, sosial şəbəkələrin və texnologiyanın ailə münasibətlərinə təsiri böyükdür. Onların müsbət tərəfləri olduğu kimi, mənfi təsirləri də qaçılmazdır. Sosial şəbəkələr insanların dünyagörüşünü genişləndirsə də, real ünsiyyətin azalmasına və ailə bağlarının zəifləməsinə səbəb ola bilər.
Nəticə etibarilə, cəmiyyətin dəyişməsi ilə ailə modelləri də daim transformasiyaya uğrayıb və bu proses gələcəkdə də davam edəcək. Texnologiya, sosial şəbəkələr və iqtisadi şərtlər ailə anlayışını dəyişdirməyə davam edəcək".
Nuray Qurbanlı