ABŞ, Çin helikopterinin “təhlükəli” manevrlərini pisləyib

Tarix: 21:24 19.02.2025
Çin hərbi helikopteri çərşənbə axşamı Cənubi Çin dənizi üzərində Filippin patrul təyyarəsinə cəmi 3 metr (10 fut) məsafəyə qədər yaxınlaşıb. Müşahidəçilərin fikrincə, bu, Çin Xalq Azadlıq Ordusunun xarici təyyarələrə qarşı bir həftə ərzində ikinci potensial fəlakətli hərəkəti olub.
Hadisə Associated Press jurnalistinin iştirakı ilə baş verib. Jurnalist, Filippin Balıqçılıq və Su Resursları Bürosuna məxsus tək mühərrikli Cessna Caravan təyyarəsinin Scarborough Şoal yaxınlığında patrul xidməti apardığı zaman göyərtədə olub. Scarborough Şoal, Filippinin əsas adası olan Luzondan təxminən 222 km (140 mil) qərbdə yerləşən, məskunlaşmamış bir qayalıqdır. Asiya Dəniz Şəffaflığı Təşəbbüatına görə, zəngin balıqçılıq ehtiyatlarına malik bu ərazi 2012-ci ildən bəri faktiki olaraq Çin tərəfindən nəzarət altındadır, baxmayaraq ki, Filippinin müstəsna iqtisadi zonası daxilində yerləşir.
AP-nin məlumatına görə, təxminən 30 dəqiqə davam edən qarşıdurma zamanı Filippin təyyarəsinin pilotu Çin helikopterinə xəbərdarlıq edib: “Siz çox yaxın uçursunuz, bu, çox təhlükəlidir və ekipajımızın və sərnişinlərimizin həyatını riskə atırsınız".
ABŞ-ın Filippindəki səfiri, Vaşinqtonun müdafiə müqaviləsi üzrə müttəfiqi olan Manilanın adından, Çin helikopterinin “təhlükəli” manevrlərini pisləyib.
Səfir MaryKay Carlson X sosial platformasında paylaşım edərək Çini “məcburi addımlardan çəkinməyə və beynəlxalq hüquqa uyğun olaraq fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə” çağırıb.
CNN
Nuray Qurbanlı