Zelenski: Tramp “dezinformasiya məkanında” yaşayır

Bölmə: Dünya › ,
Tarix: 21:30 19.02.2025

Ukraynanın prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampı dezinformasiyanı təkrarlamaqda ittiham edib. Bu, Trampın bir gün əvvəl səhvən Ukraynanı Rusiya ilə müharibəni başlatmaqda günahlandırmasından sonra baş verib.

 

Zelenskinin sərt açıqlamaları, tammiqyaslı müharibə başlayandan bəri Kiyev və Vaşinqton arasında açıq ittihamların ən ciddi mübadiləsinə çevrilir.

 

Kiyevdə jurnalistlərə danışan Zelenski, ABŞ prezidentinin çərşənbə axşamı irəli sürdüyü bir neçə əsassız iddiaya cavab verib və müharibəyə son qoymaq üçün razılaşmada Ukraynanın iştirakının vacibliyini vurğulayıb.

 

“Təəssüf ki, Prezident Tramp – bir ölkənin lideri kimi ona böyük hörmətim var, həmişə bizi dəstəkləyən Amerika xalqına da böyük hörmətimiz var – təəssüf ki, bu dezinformasiya məkanında yaşayır”, – deyə Zelenski bildirib.

 

Tramp açıq şəkildə müharibənin mümkün qədər tez bitməsini istəyir – hətta bu, Ukraynanın əlavə ərazi itkiləri bahasına başa gəlsə belə. Kiyev və müttəfiqlərinin qorxusuna səbəb olan əsas məqam isə Trampın bəzən Kremlin narrativini mənimsəməsi və münaqişəyə görə Ukraynanı və NATO-nu günahlandırmasıdır. O, hətta Ukraynanın “bir gün Rusiya ola biləcəyini” də deyib.

 

Lakin Trampın Rusiyanı açıq şəkildə dəstəkləməsi təkcə ritorikadan ibarət deyil. ABŞ prezidenti ötən həftə Zelenski ilə danışmazdan əvvəl Rusiya prezidenti Vladimir Putinlə 90 dəqiqəlik telefon danışığı apararaq çoxlarını təəccübləndirib.

 

Bundan sonra çərşənbə axşamı ABŞ və Rusiya rəsmiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar apararaq Ukraynanı bu görüşdən kənarda saxlayıblar.

 

Tərəflər müharibəyə son qoymaq üçün yüksək səviyyəli komandalar təyin etmək və diplomatik kanalları yenidən qurmaq üzərində işlədiklərini bildiriblər.

 

CNN

Nuray Qurbanlı