Kənd və Qəsəbə Adlarının Milli Kimliyə Təsiri

Tarix: 21:34 19.02.2025
Bəzi kənd və qəsəbələrimizin adları insanlara qəribə və qeyri-adi gələ bilər. Hətta indiki dövrdə də bu cür adlar qalmaqdadır. Lakin bu toponimlərə diqqətlə baxdıqda, onların çoxu insanların qədim dövrlərdən bəri həyat fəaliyyətləri və məşğuliyyətləri ilə bağlı formalaşıb.
Sosioloq Mətanət Məmmədova "informator.az"a açıqlamasında bildirib ki, bu kəndlərin, qəsəbələrin və şəhərlərin adları, tarixən xalqımızın həyat tərzini, ənənələrini və mədəniyyətini əks etdirib:
"Bu gün belə adları milli mentalitetə və kimliyə zidd hesab etmək doğru olmazdı, çünki bu adlar tarixən, millətin keçmişinə və mənəvi dəyərlərinə bağlıdır. Ancaq, bəzi insanlar üçün bu adların səslənməsi qeyri-adi və bəzən hətta xoşagəlməz ola bilər. Məsələn, Mırtı, Yanıqlı, Cimi kimi kənd adları insanların təfəkküründə müəyyən bir mənada yanlış, ya da utandırıcı bir təsir yarada bilər. Bu səbəbdən bəzən bu adların dəyişdirilməsi, hər kəsin daha rahat qavraya biləcəyi bir forma salınması lazım görünür".
Bugünkü günümüzdə kəndlərimizin adlarının daha müasir və qavrayışa uyğun olması vacibdir:
"Bununla yanaşı, işğal olunmuş ərazilərimizdə zamanla toponimlər dəyişdirilmişdi. Lakin torpaqlarımız azad edildikdən sonra Prezident İlham Əliyev bu ərazilərdəki köhnə toponimləri bərpa edib və ərazilərin tarixi adlarını geri qaytarıb.
Həmçinin, bu gün kəndlərimiz və şəhərlərimiz adlarının mənalı və şərəfli olması vacibdir. Əhali həmin adları çəkərkən heç bir utanc hissi yaşamamalıdır. Bu adlar bir növ o ərazinin tarixini, mədəniyyətini, xalqın keçmişini və gələcəyini əks etdirən bir simvol olmalıdır. Bu cür addar həm yerlilər, həm də xarici qonaqlar üçün mənalı və hörmətli bir yerin olduğunu göstərməlidir".
Çinarə Tarverdiyeva