Eqolu olmaq və özgüvənli olmaq arasındakı fərqlər

Bölmə: Sosial › ,
Tarix: 21:55 19.02.2025

Eqo və özgüvən tez-tez qarışdırılan, lakin mahiyyətcə fərqli olan anlayışlardır.

 

Bu haqqda ailə və uşaq psixoloqu Aynur İsmayılova “İnformator.az”a açıqlamasında bildirib ki, eqo ilə özgüvən çox fərqli nüanslardır:

 

“Səhv etməkdən qorxmamaq, öz qərarlarını qəbul etmək, müəyyən qərarda bir yanlışlıq olarsa, bir insanın günahı ucbatından bir hadisə baş veribsə, bacardığı səviyyədə üzr istəmək, bu, özgüvənli insanlara aiddir. Eqolu insanlarda isə bu tamamilə fərqlidir. Yəni, eqoizm kimi götürsək, eqoist insanlar qarşı tərəfin hislərini demək olar ki, nəzərə almırlar, empatiya hissləri zəifdir. Eqoist insan üçün səhv etmək özü üçün onun doğrusudur, hər kəs səhvdir, o isə hər zaman doğrudur”.

 

Psixoloqun sözlərinə görə, eqolu olmaqla özgüvənli olmaq arasındaki ən incə sərhəd isə, özgüvənli insanların daha çox empatiya qura bilməsidir:

 

“Özgüvənli insanlar eqoist insanlardan fərqli olaraq motivasiya verməyi bacarır. Eqoist insanlar isə sadəcə özlərinin irəli getmələri üçün əllərindən gələni edirlər, qarşı tərəfin yaxud ətrafın zərər çəkməsinə qətiyyən önəm vermirlər. Eqo ilə özgüvən arasındaki ən böyük fərq birinin empatiya hissinin yüksək, emosional intellektinin yüksək olmasıdır. Digər tərəfdən isə eqolu insanların sadəcə öz problemlərini yaxud hər hansı planlarını həyata keçirmək üçün ətraf aləmin keçirdiyi hiss və həyəcanı, emosional vəziyyəti nəzərə almadan sadəcə özünə xeyri olan müəyyən davranışları ilə fərqlənirlər. Təbii ki, eqolu insanlardan insanlar daha çox uzaq gəzirlər. Özgüvənli insanların ətrafı isə hər zaman onları dəstəkləyən insanlarla zəngin olur”.

 

Nərmin Həşimova