Münasibətlərin bərpası hər iki ölkənin geosiyasi vəziyyətinə müsbət təsir göstərəcək-Politoloqdan açıqlama

Tarix: 15:52 20.02.2025
“İranla Azərbaycan arasında 2023-cü ilin yanvar ayından etibarən münasibətlər daha gərgin vəziyyət alıb. 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terrorçular tərəfindən edilən hücum nəticəsində səfirliyin əməkdaşı şəhid olub”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib. Şərhçinin sözlərinə görə, bu hadisə hər iki ölkə arasındakı əlaqələrə ciddi zərbə vurub.
“İran mütəmadi olaraq, istər İkinci Qarabağ müharibəsindən əvvəl, istərsə də sonrakı müddətdə Azərbaycana qarşı təxribatyönümlü addımlar atıb. Münasibətlərin düzəlməsi istiqamətində İran tərəfindən addımların atılması, əlaqələrin bərpa olunmasında vasitəçi ola bilər”.
Politoloq bildirir ki, qarşılıqlı səfərlər və Azərbaycan Səfirliyinin Tehranda mövcudluğuna baxmayaraq, münasibətlərin tam şəkildə bərpası hələ ki, gözlənilən deyil.
“Dövlətlər arasında həm münaqişələr, həm də qarşılıqlı münasibətlər baş tuta bilər. Lakin maraqların toqquşması şəraitində həll yolunu tapmaq bir qədər çətinləşir”.
Ekspert sonda əlavə edib ki, qarşılıqlı əməkdaşlığın baş tutması hər iki ölkənin geosiyasi vəziyyətinə müsbət təsir göstərəcək.
“İran Azərbaycanın milli maraqlarına toxunacaq addımlar atmasa və münasibətlərin inkişafına meylli olsa, əlaqələrin bərpası gözləniləndir. Azərbaycan tərəfdən xoş münasibət daim göstərilib və yenə də göstəriləcək. Qarşılıqlı əməkdaşlıq baş tutsa, bu, həm regionun geosiyasi vəziyyətinə müsbət təsir edəcək, həm də beynəlxalq təhlükəsizliyin inkişafına töhfə verəcək”, - deyə ekspert yekunlaşdırıb.
İbrahim Rzayev