Ukrayna Rusiya və ABŞ arasında bölünəcəkmi?-POLİTOLOQ açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 19:44 20.02.2025

Ukraynanın bütöv şəkildə fəaliyyəti göstərməsi mənə görə absurd bir fikirdir. İki qlobalist arasında da bölünəcək.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Elman Vəliyev bildirib. Şərhçinin sözlərinə görə, Trampın Ukrayna əleyhinə çıxışlar etməsinin səbəbi, Ukraynanı razılığa getməyə məcbur etməkdən ibarətdir.

“Zelenskinin ərazi mübadiləsi təklifi Ukrayna üçün ən optimal variantdır. Ancaq Kreml buna razı olacaqmı? Çətin görsənir. Amerika və Rusiya yenidən bir masaya gələcək”.

 

Politoloq qeyd edir ki, bu mənzərə Yalta konfransı ilə eyni mənzərəni təşkil edir.

“Bu hal əsasən Yalta konfransını yansıdır mənə. Mühüm məsələ üstündə daha doğrusu başqasının taleyini həll etmək üçün bir araya gələn amma dəyişməz tərəflər. Kim nə alacaq? Kim nə istəyəcək? Stalin Ruzvelt fonunda Lavrov ilə Rubio səhnədə olacaq! Masa Ukraynasız qurulacaq. Amerika neytral zona, sülhməramlıların olmasını dilə gətirəcək. Ukrayna ərazi mübadiləsi deyir. Luhansk, Donetsk, Krımın Rusiyada olmasını təklif edə bilər. Qarşılığında Zelenski hansı ərazini istəyəcək? Ukrayna üçün vacib ərazi Mariupoldur”.

 

E.Vəliyevin sözlərinə əsasən, Azova çıxış əldə etmək Ukrayna üçün vacib rol oynayır.

“Ukrayna Kursk uğrunda da xeyli itki verdi, onu da istəyə bilər. Mövcud vəziyyət Rusiyaya müəyyən qədər sərf edir. Ancaq Amerika üçün bu, sərf etmir, ona görə də fərqli ssenari ilə masaya gələcək”.

 

Politoloq düşünür ki, Rusiya özünə sərf edən variant olsa Amerika ilə razılaşacaq.

“Stalin də bu siyasətdən istifadə etmişdi. Rusiya üçün sərf edən punkt odur ki, tutduqları ərazilərdə möhkəmlənmək, beynəlxalq təzyiqləri, sanksiyaları, embarqoları aradan qaldırmaq, NATO-nun daha da yaxınlaşmaması. Zelenski Ərdoğana üz tutacaq. Açığı deyirəm ki, “bu xına o xınadan deyil". Yəni Türkiyəlik bir məsələ deyil”.

 

Şərhçi sonda onu da əlavə edir ki, Türkiyə siyasi arenada Orta Şərq üçün vacib fiqurdur.

“Zelenski Ərdoğandan Tramp və Putin adminstrasiyasına mesaj göndərməsini istəyəcək. Göndərmək istədiyi mesaj maksimum Ukraynanın az ziyanla müharibədən çıxmaq istəyi ola bilər. Ukraynanın bütöv qalması çox çətin görsənir. Həm Avropa, həm Rusiya, həm də Amerika pay istəyir”, - deyə şərhçi yekunlaşdırıb.

 

Sevinc Əliyeva