Trampın Zelenskiyə qarşı çıxdığı 48 saatın pərdəarxası

Bölmə: Dünya › ,
Tarix: 20:29 20.02.2025

Prezident Donald Tramp ilə onun ukraynalı həmkarı Volodimir Zelenski arasında uzun müddətdir davam edən gərgin münasibət çərşənbə günü tamamilə pozulub. Hər iki liderin müttəfiqləri arasında qalan əsas sual isə bu münaqişənin ABŞ-nin vasitəçiliyi ilə sülh ümidlərini məhv edib-etməyəcəyi və ya əksinə, buna töhfə verib-verməyəcəyi idi.

 

Tramp öz sosial media platformasında hiddətli bir mesaj paylaşaraq Zelenskini “seçkilərsiz diktator” adlandırıb və Ukraynanın ABŞ-ni “qazanılması mümkün olmayan bir müharibəyə yüz milyardlarla dollar xərcləməyə məcbur etdiyini” iddia edib.

 

Bu, gün boyu davam edən təhqir seriyasının başlanğıcı olub. Çərşənbə axşamı gecə Mayamidəki çıxışı zamanı Tramp bu ritorikanı daha da gücləndirib: “Zelenski daha sürətli hərəkət etsə, yaxşı olar. Yoxsa ölkəsi qalmayacaq".

 

Hər iki ittiham Moskvanın Ukrayna müharibəsi və Zelenski ilə bağlı ironiya dolu təbliğatına bənzəyib. Ukrayna prezidenti müharibənin başlanğıcında hərbi vəziyyət elan edərək planlaşdırılan seçkilərin keçirilməsini qeyri-mümkün edib.

 

Trampın bu paylaşımı təkcə ani bir hücum deyildi. O, illərdir Zelenskiyə skeptik yanaşır, onun qərarlarını sorğulayır və – Trampın ilk impiçmentinə səbəb olan məşhur epizodda olduğu kimi – onu rəqibi Co Baydenə qarşı araşdırma açmağa çağırıb.

 

Tramp, Bayden və Zelenskiyə yönəltdiyi tənqidləri birləşdirərək, çərşənbə gecəsi Ukrayna prezidentinin Bayden administrasiyası dövründə ABŞ-nin maliyyə yardımları ilə “rahat yaşadığını” iddia edib.

 

“Əgər Baydenin administrasiyası bir il də qalsaydı, Üçüncü Dünya Müharibəsində olardıq. Ancaq bu, artıq baş verməyəcək".

 

Son vaxtlar isə Trampın köməkçiləri xüsusilə Zelenskinin ictimai çıxışlarını — xüsusilə də bu həftə Səudiyyə Ərəbistanında ABŞ-nin Ukraynanı Rusiya rəsmiləri ilə danışıqlara daxil etməməsi ilə bağlı tənqidlərini — narahatlıqla izləyirlər.

 

CNN

Nuray Qurbanlı