Təhsil şagirdlərin tənqidi və yaradıcı düşüncəsini necə inkişaf etdirə bilər?

Bölmə: Sosial › ,
Tarix: 20:43 20.02.2025

Müasir dünyada informasiya bolluğu içində tənqidi və yaradıcı düşüncə bacarıqları getdikcə daha vacib olur. Şagirdlərin yalnız faktları öyrənməsi kifayət etmir, onlar bu bilikləri analiz edib yeni ideyalar formalaşdıra bilməlidirlər.

 

Bu barədə təhsil eksperti Elçin Süleymanov "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, şagirdləri əzbərçiliyə yox, analitik düşüncəyə yönəltmək lazımdır:

 

"Bu bacarıqlar məktəbəqədər təhsildə formalaşdırılmalıdır. Orada şagirdləri əzbərçiliyə yox, analitik düşüncə, sorğulayıcı və müəyyən mənada tənqidi yanaşma bacarığı ilə böyütmək lazımdır.

 

Daha əvvəl Yaponiyada maraqlı bir təcrübə aparılıb. Məktəbəqədər müəssisənin şagirdlərinə “Yarpaq hansı rəngdədir?” sualı verilib. Şagirdlərin 60-70%-i isə avtomatik “yaşıl” və ya başqa konkret rəng demək əvəzinə “Hansı fəsildə?” cavabını verib. Bu, həqiqətən çox yaxşı bir nümunədir. Çünki hər zaman yarpağı yaşıl, günəşi sarı kimi qəbul etmək düşüncəni məhdudlaşdıra bilər".

 

Təhsil eksperti süni intellektin bu istiqamətdə önəmini də vurğulayıb:

 

"Məhz bu səbəbdən dərs zamanı müəllimlər şagirdlərin kritik və analitik düşünmə qabiliyyətlərini inkişaf etdirməlidir. Bu da dərslərin interaktiv keçirilməsi, şagirdlərin qruplara bölünərək debatlara qatılması, sual-cavab sessiyalarında iştirak etməsi və hər kəsin öz fikrini əsaslandırması ilə mümkün ola bilər. Yəni, əzbərçilikdən analiz etməyə, müşahidə apararaq nəticə çıxarmağa yönəlmiş təhsil sisteminə keçid edilməlidir.

 

Artıq 21-ci əsrdəyik və bu dövrdə süni intellekt həyatımızda mühüm rol oynayır və rol almağa davam edəcək. Burada əsas məsələ isə süni intellektə düzgün suallar verə bilməkdir. Düzgün suallar vermək bacarığı isə analitik düşüncədən qaynaqlanır. Məlumat əldə etmək artıq çox asandır. Əsas olan bu məlumatları düzgün analiz edib ən effektiv şəkildə istifadə edə bilməkdir.

 

Bu səbəbdən də tədris metodları dəyişməlidir. Şagirdlərə seçim etməyi, öz fikrini ifadə etməyi öyrədən istiqamətli təhsil onların daha güclü və müstəqil düşüncəyə sahib olmasını təmin edəcək".

 

Nuray Qurbanlı