Paşinyan və Konstitusiya Dəyişikliyi: Sülh və Tələblər

Tarix: 21:13 20.02.2025
Paşinyan xalqına müraciət edib. O ideoloji mesajlarla konstitusiya dəyişikliyinin zəruruliyini qeyd edib. O, konstitusiyanın dəyişməsi ilə referendum keçirilməsinin vacib olduğunu bəyan edib. O, yeni konstitusiyanın qəbulunu vurğulayaraq bildirib ki, mövcud konstitusiyada ictimai rəydə ciddi legitimlik yoxdur. Onun sözlərinə görə əsl Ermənistan ideologiyası bir sənəddə formalaşdırılmayıb və tamamlanmayıb. Bildirib ki, bu mesajın əsas məqsədi bu müddət ərzində hazırladığımız ‘’Real Ermənistan’’ ideologiyasının layihəsini təqdim etməkdir.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Ermənistan konstitusiyanı dəyişmək məsələsini Azərbaycanın prinsipial məsələsi, tələbi olduğunu qəbul etmək istəmir və bunu fərqli formada gündəmə gətirməyə, insanların diqqətinə çatdırmağa çalışır:
"Bu bizim üçün yeni bir mövzu deyil. Ermənistanda konstitusiya dəyişilməsi ilə bağlı məsələ Azərbaycan üçün prinsipial məsələdir. Xüsusilə, Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması istiqamətində bu vacib məsələdir. Çünki Ermənistanın hazırki konstitusiyasının preambula hissəsində ‘’müstəqillik haqqında’’ bəyənnaməyə istinad olunur. Həmin bəyənnamədə Qarabağa ərazi iddiası yer alır. O zamanlar ‘’Dağlıq Qarabağ Muxtar Vilayəti’’nin Ermənistana birləşdirilməsi nəzərdə tutulurdu. Ermənistanın baş naziri həmişə ziddiyyətli hərəkətlər edən bir insandır. Konstitusiyanın dəyişmək məsələsini isə Azərbaycanın prinsipial məsələsi, tələbi olduğunu qəbul etmək istəmir və bunu fərqli formada gündəmə gətirməyə, insanların diqqətinə çatdırmağa çalışır. Biz bunu da anlayırıq ki, Ermənistanın baş naziri Azərbaycandan, müxalifətin ona qarşı olan iddialarından qorxur".
Xəyal Bəşirov sülh müqaviləsinin razılaşdırılmayan şərtlərindəndə danışıb:
"Bizə məlumdur ki, iki dövlət arasında sülh sazişinin imzalanmasına mane olan məqamlar var. Sülh sazişinin 17 maddəsindən 2 maddə razılaşdırılmayıb. Bunlardan biri şərti sərhəd ərazilərində üçüncü tərəfə yer verilməməsidir. Ermənistanın baş naziri buna belə bir reaksiya bildirdi ki, biz delimitasiya olunmuş ərazilərdən Aİ missiyasını çıxarmağa hazırıq. Hansıki həmin hissədə cəmi 12,7 km-dir və Ermənistan tərəfi bunu belə qələmə verir ki, delimitasiya prosesi neçə il çəkəcəksə Aİ missiyası orada qalacaqdır. Bunu isə Azərbaycan qəbul etmir. Digər maddə isə qarşılıqlı iddialardan əl çəkməkdir. Bu məsələyə gəldikdə isə, Ermənistan tərəfi unutmamalıdır ki, iki dövlətin bir-birinə qarşı ərazi iddiaları var. Amma bu əsassızdır ki, Ermənistanın Azərbaycana ərazi iddiası ola bilməz. Çünki Ermənistanın Azərbaycana vurduğu ziyan, törətdiyi cinayətlər dönəmində yalnız Azərbaycanın Ermənistana iddiaları ola bilər. Bu iddialarda təbii ki, Ermənistanın Azərbaycana vurduğu ziyan və təzminat məsələləri ola bilər. Azərbaycan isə bu məsələlərlə bağlı iddialarını beynəlxalq məhkəmələrdə davam etdirir. Ermənistandan tələb olunan məsələlərdən biri də ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bununla bağlı son dövrlərdə Ermənistandan bir sıra bəyənatlar görürük. Artıq dünya qəbul edib ki, belə bir qurum yoxdur, onun həmsədrləri bir-birləri ilə düşmənçilik edirlər. Ermənistan bu qurumun de-yure ləğvi ilə bağlı mövqe bildirməlidir. Ermənistanın baş naziri 2022-ci ildə konstitusiya məsələləri ilə bağlı ‘’Konstitusiya islahatları’’ şurasını yaratdı. Amma bu beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Amma bu şuranın hələdə 1 iclası belə keçirilməyib. Bu şura yaradılarkən baş nazir bildirmişdi ki, şuranın işi konstitusiyaya dəyişikliklər etmək və təkliflər vermək üçün yaradılıb və 2027-ci ilin yanvarında konstitusiya dəyişiləcək. Buna isə hələ təxminən 2 il müddət var. Ermənistan xalqı arasında bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılmalı idi. Təəssüf ki, belə işlər görülmədi. Bunun əvəzinə Ermənistan sürətli şəkildə silahlanır. Azərbaycanın tələblərini qəbul etmək əvəzinə, növbəti revanşist təxribatlara hazırlaşır. Bu da bizi adekvat addımlar atmağa məcbur edir. Azərbaycan isə Ermənistandan qətiyyətli və real addımlar gözləyir".
Günel Verdiyeva