Ərdoğandan Ukraynanın ərazi bütövlüyünə tam dəstək-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:11 22.02.2025

Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana baş tutan səfəri hər iki ölkə arasındakı əlaqələrin inkişaf etdiyindən xəbər verir.


Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib. Şərhçinin sözlərinə görə, Ukrayna və Azərbaycan arasındakı əvvəldən mövcud olan ikitərəfli əlaqələr daha da inkişaf edir:
“Azərbaycan Ukrayna məsələsi ilə bağlı öz mövqeyini açıq-aşkar ifadə edən dövlətdir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü daim tam şəkildə dəstəkləyərək, Ukraynaya ən çox humanitar yardım göstərən ölkələrdəndir”.


Politoloq bildirir ki, Bakı və Kiyev arasındakı münasibətlər də yüksək xəttlə inkişaf etməyə başlayıb:
“Lakin səfərlərin təşkil olunması ikitərəfli razılaşmalar əsasında həyata keçirilməlidir. Həmçinin səfərin baş tutması üçün dövlət başçısının razılığı olmalı və bu razılığa uyğun şəkildə protokol dərc olunmalıdır. Yekunda isə prezidentin səfəri bu proseslərin yerinə yetirilməsinə uyğun həyata keçirilməlidir”.


Z.Əmrəliyev Zelenskinin Türkiyə səfərində baş tutan müəyyən aspektləri də qeyd edib:
“Hazırda Rusiya və ABŞ arasında Ukrayna məsələsi ilə bağlı danışıqlar gedir. Eyni zamanda növbəti görüşün keçirilməsi məsələsi də gündəmdədir”.


Şərhçi Türkiyənin vasitəçiliyinin Ukrayna üçün önəmli olduğunu bildirib:
“Türkiyə açıq şəkildə Ukraynaya dəstək verən ölkədir. Türkiyənin istər ABŞ-a, istərsə də Rusiyaya təsiri çox böyükdür. Nəzərə alaq ki, Rusiya və Ukrayna arasında baş tutan ən böyük əsr mübadiləsi məhz Türkiyənin vasitəçiliyi ilə həll olunub və əsas qazanan tərəf də məhz Ukrayna olub”.


Ekspert sonda əlavə edir ki, Ukrayna yenidən Türkiyənin dəstəyinə ehtiyac duyur:
“Bu mənada Zelenskinin Türkiyəyə gedərək cənab Rəcəb Tayyib Ərdoğanla görüş keçirməsi tamamilə başa düşülən və məqbul bir haldır”, - deyə şərhçi yekunlaşdırıb.


Xədicə Kərimli