Metateziofobiya insan həyatını necə məhdudlaşdırır?-Psixoloq AÇIQLAYIR

Tarix: 21:31 20.02.2025
"Metateziofobiya – dəyişiklik qorxusu – insanın yeni şəraitə, yeniliklərə və gözlənilməz situasiyalara qarşı dərin narahatlıq hiss etməsidir".
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Fuad Əsədov söyləyib. Psixoloq insanların niyə yeniliklərdən çəkindiyindən də bəhs edib:
"Bu qorxu fərdin həyatına ciddi təsir edə bilər, çünki o, komfort zonasından çıxmağa çətinlik çəkir və tanış olmayan situasiyalardan qaçmağa meyilli olur. Bunun bir neçə psixoloji səbəbi var. Naməlumluq qorxusu (Fear of the unknown) – İnsan beyni tanış olanı üstün tutur, çünki bu, təhlükəsizlik hissi yaradır. Dəyişiklik isə qeyri-müəyyənliyi özü ilə gətirir və bu, narahatlıq doğurur. Bundan əlavə insanlar həyatı üzərində nəzarət hissini saxlamaq istəyirlər. Dəyişiklik bu nəzarəti azalda bilər. Üstəlik, əgər keçmişdə bununla bağlı insanın pis təcrübəsi varsa, insanda metathesiophobia yarana bilər. Əvvəlki mənfi təcrübələr insanda yeni situasiyalara qarşı qorxu yaradır. İnsan yeni bir şeyin öhdəsindən gələ bilməyəcəyindən qorxduqda, dəyişiklikdən qaçmağa çalışır. Cəmiyyətin və ailənin yaratdığı gözləntilər də insanın yeniliklərə qarşı müqavimətini artırır".
Fuad Əsədovun sözlərinə görə, bu qorxu insana toksik və ya artıq işə yaramayan münasibətdə qalmağa səbəb ola bilər:
"Çünki insan yeni bir münasibət qurmaq və ya tək qalmaqdan qorxur. Həmçinin, emosional yaxınlaşmadan çəkinən insanlar dəyişiklik qorxusu səbəbindən yeni münasibətlərə girməkdən çəkinə bilərlər. Karyera baxımından da, dəyişiklikdən qorxan insan yeni imkanları dəyərləndirməkdə çətinlik çəkir, inkişaf üçün lazım olan riskləri götürmür və bəzən illərlə eyni yerdə qalıb potensialını məhdudlaşdırır. Müasir iş dünyasında adaptasiya bacarığı vacibdir, lakin metateziofobiya bu bacarığı zəiflədir".
Fatimə Abdulrəhimli