Gizli diabeti necə müəyyən etmək olar?

Bölmə: Sosial › ,
Tarix: 21:38 20.02.2025

Diabet dünyanın ən yayılmış sağlamlıq problemlərindən biridir. Ancaq bəzən bu xəstəlik özünü açıq simptomlarla büruzə vermir və insan illərlə şəkər səviyyəsinin yüksək olduğunu bilmədən yaşayır. Bu vəziyyət “gizli diabet” adlanır və vaxtında aşkar edilmədikdə, ciddi fəsadlara yol aça bilər. Çoxları yalnız təsadüfi tibbi müayinə zamanı və ya şəkərli diabetin ağırlaşmış forması ilə qarşılaşdıqda bu vəziyyətdən xəbər tutur.

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında Həkim professor Adil Qeybulla bildirib ki, gizli diabet adlı bir xəstəlik yoxdur sadəcə diabetə gedən bir yol var:

 

“Bu insulin rezistentliyi, qlukoza talerantlığı deyilən hallardır. İnsanlar çox qida qəbul etdikdə, mədənin həcmi böyüdükdə, doyma hissi itdikdə və uzun müddət karbohidratlar tükətdikdə bu hal baş verir. Artıq çəki fiziki aktivliyin azalmasına kömək edir və nəticədə şəkərli diabet inkişaf edir. Əslində gizli diabet şəkərli diabet üçün bir fon deməkdir, yəni əgər insulin dirənci, qlukoza talerantlığı, insulin rezistenliyi varsa insanda, insan uzun müddət ac qala bilmirsə və biraz ac qaldıqda ürəyi gedir və s. hallarla qarşılaşırsa bu o deməkdir ki, artıq bu mövzuda düşünmək lazımdır. Nəslində, ana, ata xəttində diabet olan şəxslər özləri risk qrupuna aiddir. Onlarda istənilən vaxt diabetin əmələ gəlməsi mümkündür. Şəkərli diabetin qarşısını almaq üçün mütləq həyat tərzi dəyişilməlidir. Az qida qəbul etmək, karbonhidratları tamamilə məhdudlaşdırmaq və birdə fiziki aktivliyi artırmaq yalnız çıxış yolu budur. Çox təəsüflər olsun ki, insanlar bəzən öz iradəsinə qalib gələ bilmirlər və şəkər xəstəliyinə mübtəla olurlar. Şəkər xəstəliyi həm də həyat tərzi xəstəliyidir”.

 

Əsmər Bəşirova