Apellyasiya məhkəməsi Trampın sərəncamına qoyulan bloklanmanı qüvvədə saxladı

Tarix: 21:46 20.02.2025
ABŞ-nin 9-cu Dairə Apellyasiya Məhkəməsi Tramp administrasiyasının bəzi immiqrantların övladları üçün doğum yolu ilə vətəndaşlığı ləğv etmək cəhdinə qoyulan qadağanı aradan qaldırmaqdan imtina edib.
Məhkəmə Prezident Donald Trampın sərəncamının Konstitusiyaya zidd olduğunu bildirən Sietl hakiminin qərarını qüvvədə saxlayıb. Tramp bu sərəncamla ya qanunsuz, ya da müvəqqəti viza ilə ABŞ-da olan valideynlərin övladlarına doğum yolu ilə vətəndaşlıq verilməsini dayandırmaq istəyirdi. Lakin məhkəmə qərara alıb ki, bu hüquq 1868-ci il Konstitusiya düzəlişi və müvafiq qanunla təsbit edildiyi üçün prezidentin səlahiyyətindən kənardadır.
Sərəncama qarşı çıxan dörd ştatın baş prokurorları bunu immiqrasiya məsələsi deyil, vətəndaşlıq hüququnun pozulması kimi qiymətləndirib. Apellyasiya məhkəməsinin qərarına əsasən, administrasiya təcili müdaxiləyə ehtiyac olduğunu sübut edə bilməyib. Növbəti məhkəmə iclası iyunda keçiriləcək. Bu məsələnin Ali Məhkəməyə çıxma ehtimalı yüksəkdir.
CNN News
Aydan Quliyeva