Bakıda “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib

Bölmə: Sosial › ,
Tarix: 21:50 20.02.2025

Bu gün Bakı Dövlət Universitetində (BDU) bakalav və magistratura təhsil səviyyələrində 25 minə yaxın (24 min 739 nəfər) tələbə təhsil alır

Qızların təhsil hüququ cəmiyyətin inkişafında mühüm rol oynayır. Bu mövzuya diqqət çəkmək və maarifləndirməni artırmaq məqsədilə Bakıda xüsusi konfrans keçirilib.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov "informator.az"a açıqlamasında bildirib ki, təhsil sistemində gender bərabərliyi məsələsi dünya üzrə aktual problemlərdən biridir:

 

“Bəzi ölkələrdə qızların təhsilə çıxış imkanları məhdudlaşdırılır, erkən nikahlar və sosial ənənələr onların ali təhsil almasına mane olur. Azərbaycanda da bu sahədə müəyyən irəliləyişlər əldə edilsə də, hələ də bəzi ailələrin qız uşaqlarının ali təhsil almasına skeptik yanaşdığı müşahidə olunur. Konfransda qeyd olunub ki, bu il Bakı Dövlət Universitetinə qəbul olan tələbələrin 70%-i qızlardır və bu, qızların ali təhsilə marağının yüksək olduğunu göstərir. Lakin problem yalnız ali məktəblərə qəbul olmaqda deyil, eyni zamanda qızların təhsillərini tamamlama imkanlarının nə dərəcədə təmin olunmasındadır".

 

Kamran Əsədov bildirir ki, qızların təhsil hüquqları ilə bağlı əsas problemlər arasında ailələrin müdaxiləsi, iqtisadi çətinliklər, erkən nikahlar, gender stereotipləri və peşə seçimi zamanı məhdudiyyətlər yer alır:

 

"Bir çox ailələrdə qızların universitetdə oxumaq üçün başqa şəhərə göndərilməsinə qarşı çıxılır, onların yalnız müəyyən ixtisaslar üzrə təhsil almalarına üstünlük verilir və ya ümumiyyətlə ali təhsilə ehtiyac olmadığı düşünülür. Bu isə qızların əmək bazarında və elmi tədqiqat sahələrində daha az təmsil olunmasına gətirib çıxarır".

 

Ekspert dünya təcrübəsində qızların təhsil hüquqlarının genişləndirilməsi üçün müxtəlif proqramların tətbiq olunduğunu da vurğulayıb:

 

"Skandinaviya ölkələrində gender bərabərliyi siyasətləri sayəsində qızların təhsil səviyyəsi və əmək bazarında iştirakı kişilərlə demək olar ki, eyniləşib. İsveç və Finlandiyada qızların STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrinə marağını artırmaq üçün xüsusi proqramlar həyata keçirilir. UNESCO və UNICEF kimi beynəlxalq təşkilatlar Afrika və Cənubi Asiya ölkələrində qızların təhsilə çıxış imkanlarını genişləndirmək üçün proqramlar həyata keçirirlər. Məsələn, Banqladeş və Pakistan kimi ölkələrdə qızların məktəbə getməsini təşviq etmək üçün dövlət təqaüdləri ayrılır, məktəblərdə xüsusi dəstək proqramları yaradılır və ailələr maarifləndirilir. Azərbaycanın da qızların təhsil hüquqlarını daha da gücləndirmək üçün bu cür beynəlxalq təcrübədən yararlanması mümkündür. Konfransda bu problemlərin həlli üçün bir sıra təkliflər irəli sürülüb. Birincisi, ailələrin maarifləndirilməsi və onların qızların təhsilinin vacibliyi barədə məlumatlandırılması üçün xüsusi proqramların həyata keçirilməsi vacibdir. Bu, kənd və rayon yerlərində daha çox diqqət yetirilməli olan bir məsələdir. İkincisi, iqtisadi çətinliklərin aradan qaldırılması üçün aztəminatlı ailələrdən olan qız tələbələr üçün təqaüdlərin artırılması və əlavə dəstək proqramlarının yaradılması tövsiyə olunub. Üçüncüsü, qızların daha geniş sahələrdə təhsil almalarını təşviq etmək üçün STEM və digər texniki sahələrə yönləndirmə proqramlarının hazırlanması vacib hesab edilib".

 

Onun sözlərinə görə, qızların təhsilə çıxış imkanlarının genişləndirilməsi yalnız onların fərdi inkişafı üçün deyil, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır:

 

"Araşdırmalar göstərir ki, təhsilli qadınlar daha yüksək gəlir əldə edir, daha sağlam ailələr qurur və ümumi iqtisadi inkişafa daha böyük töhfə verirlər. Dünya Bankının hesabatlarına görə, qızların təhsil səviyyəsinin artırılması ölkələrin ÜDM-nin artımına müsbət təsir göstərir və yoxsulluq səviyyəsini azaldır. Azərbaycanın təhsil strategiyasının əsas istiqamətlərindən biri gender bərabərliyinin tam təmin olunması və qızların təhsilə çıxış imkanlarının artırılması olmalıdır. Bunun üçün dövlət siyasətləri və ictimai təşəbbüslər bir-biri ilə uzlaşdırılmalı, ailələrin və cəmiyyətin bu prosesdə fəal iştirakı təmin olunmalıdır. Gələcəkdə bu istiqamətdə konkret addımların atılması qızların ali təhsildə daha geniş təmsil olunmasına, onların əmək bazarında daha aktiv iştirakına və ölkənin ümumi inkişafına mühüm töhfə verə bilər".

 

Aydan Quliyeva