Doğum, yeni bir həyatın başlanğıcı olsa da, bəzi analar üçün həyati təhlükə ilə nəticələnə bilər-ŞƏRH

Bölmə: Sosial › ,
Tarix: 22:06 20.02.2025

Dünyada hər il minlərlə qadın doğuşdan sonrakı dövrdə müxtəlif tibbi fəsadlar səbəbindən həyatını itirir. Postpartum ana ölümlərinin əsas səbəbləri arasında ağır qanaxmalar, infeksiyalar, tromboemboliyalar və hamiləliklə bağlı hipertonik pozğunluqlar dayanır. Bəs doğumdan sonra ana ölümlərinə səbəb olan amillər hansılardır?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ginekoloq Təranə Həsənova qeyd edir ki, doğumdan sonra ağırlaşmalar və ölüm halları iki yerə bölünür:

 

“Genital və ekstreagenital. Genital dedikdə mamalıq və ona aid xəstəliklər nəzərdə tutulur. Ekstreagenital isə mamalıqdan kənar olan digər daxili orqanların xəstəlikləridir. Preeklampsiya və eklampsiya xüsusi mamalıq xəstəlikləridir. Preeklampsiya arterial təzyiqin yüksəlməsi, hamilə şəxsin bədən nahiyələrində ödem toplanması, sidikdə zülalın yaranması və ağır hallarda qıcolmalar ilə xarakterizə olunur. Müalicə alınmadıqda eklampsiya ilə nəticələnir və bu, ölüm səbəblərindən biri ola bilər.


Həmçinin ciftin vaxtından əvvəl qopması qanaxmaya səbəb olur. Hamiləlik dönəmində konsultasiya mərkəzinin sahə mama-ginekoloqu hamiləyə ciddi nəzarət etməlidir. Həkim uçotunda olan xəstələrdə həm genital, həm də ekstreagenital ağırlaşmalar olduqda, onlar dərhal stasionara yönləndirilməlidir. Belə olduqda xəstə vəziyyətdən çıxa bilər və ana ilə uşaq salamat qala bilər. Lakin həkim nəzarəti olmadıqda müxtəlif problemlər yaranır. Məsələn, hamilənin qanında laxtalanmanın artması dölün ölümü ilə nəticələnə bilər və ya doğum zamanı tromboemboliyaya səbəb ola bilər. Ekstreagenital ağırlaşmalara isə ürək-damar, qaraciyər və böyrək xəstəlikləri daxildir. Bunlara ciddi nəzarət olunmalıdır. Əgər nəzarət edilməzsə, doğum zamanı ağırlaşmalara və ölümə səbəb ola bilər.

 

Doğumdan sonra ölümlərə ən çox səbəb olan faktor isə qanaxmalardır. İstər qeysəriyyə əməliyyatı, istərsə də təbii doğumdan sonra baş verən ağır qanaxmalar ananın ölümünə səbəb ola bilər. Uşaqlığın tonusdan düşməsi nəticəsində yaranan və tibbdə atonik qanaxmalar adlanan bu hallar, vaxtında tibbi müdaxilə edilmədikdə ciddi fəsadlarla nəticələnə bilər”.


Zəhra Məmmədova