Eyni ailədə böyüyən uşaqlarda fərqli davranış və dünyagörüşü-ŞƏRH

Bölmə: Sosial › ,
Tarix: 22:23 20.02.2025

Hər bir valideyn eyni sevgi və qayğı ilə böyütdüyü övladlarının tamamilə fərqli xarakterlərə sahib olmasına təəccüblənə bilər. Bəs necə olur ki, eyni ailədə böyüyən uşaqlar biri sosial və ünsiyyətcil, digəri isə sakit və qapalı xarakterdə olur?

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında psixoloq Almara Məlikova bildirib ki, bəzən valideynlər təəccüblənirlər ki, eyni ailədə, eyni şəraitdə böyüyən uşaqlar necə bu qədər fərqli ola bilərlər:

 

“Bir uşaq mehriban, sosial və lider ruhludursa, digəri sakit, qapalı və öz dünyasında yaşamağa üstünlük verə bilər. Halbuki onların eyni valideynlərdən tərbiyə aldığı düşünülür. Əslində isə hər bir uşaq eyni ailədə belə, tamamilə fərqli emosional və sosial təcrübələr yaşayır. Bu fərqlər bir neçə əsas amillə izah olunur. Ailə içində uşağın doğuluş sırası onun xarakterini və emosional dünyasını ciddi şəkildə formalaşdıra bilər.

 

 • Böyük uşaq: Adətən ailənin ilk övladı daha çox məsuliyyət hiss edir. Çünki valideynlər ilk dəfə valideyn olduqları üçün daha qayğıkeş, eyni zamanda daha tələbkar olurlar. Böyük uşaqlar tez-tez “ağıllı olmalısan”, “kiçiklərə nümunə olmalısan” kimi ifadələrlə böyüyürlər. Bu, onlarda liderlik və ciddi xarakter yarada bilər, eyni zamanda, emosional yük formalaşdıra bilər. Çünki onlar tez-tez valideynlərinin gözləntilərini qarşılamaq üçün öz emosiyalarını sıxışdırmalı olurlar.

 

• Ortanca uşaq: Bu uşaqlar ailədə həm böyük, həm də kiçik arasında qaldıqları üçün tez-tez “unudulmuş” hiss edə bilərlər. Onlar özlərinə diqqət çəkmək üçün ya ünsiyyətcil, ya da tam əksinə, sakit və özünə qapanıq olurlar. Məsələn, əgər böyük uşaq artıq valideynlərin gözündə məsuliyyətli bir lider kimi formalaşıbsa, ortanca uşaq fərqlənmək üçün üsyankar və sərbəst xarakterli ola bilər.

 

• Kiçik uşaq: Adətən ailənin ən kiçik övladı daha az məsuliyyət daşıdığı üçün daha rahat böyüyür. Onlar çox vaxt valideynlərin ən yumşaq münasibət göstərdiyi övladlar olur. Bu da onların daha açıq, emosional və bəzən daha asılı xarakterə sahib olmalarına gətirib çıxara bilər. Kiçik uşaqlar tez-tez öz istəklərini göz yaşları və ya şirin dillə ifadə edərək əldə etməyə meylli olurlar.

 

  • Təcrübələrin fərqli olması: Məsələn, böyük uşaq ailəyə ilk gəldiyi üçün valideynlərin bütün diqqəti onun üzərində olur. Amma ikinci və ya üçüncü uşaq artıq bu diqqəti bölüşməli olur. Bu isə birində özünü dəyərli və güvəndə hiss etdirdiyi halda, digərində “yetərsiz diqqət” hissi yarada bilər.

 

  •Valideynlərin fərqli münasibəti: Valideynlər eyni qaydalarla tərbiyə etməyə çalışsalar da, onların uşaqlara münasibəti dəyişir. Məsələn, ilk uşaqda hər bir səhvə daha sərt reaksiya verilir, lakin sonrakı uşaqlara qarşı bu qədər sərtlik göstərilmir. Bu isə uşaqların emosional sabitliyinə təsir edə bilər.

 

 • Genetik və fərdi xüsusiyyətlər: Bir ailədə bir uşaq sosial və aktiv, digəri isə qapalı və utancaq ola bilər. Bunun səbəbi təkcə tərbiyə deyil, həm də uşaqların doğuşdan gələn temperamentidir. Məsələn, bəzi uşaqlar xaraktercə insanlarla ünsiyyəti sevir, digərləri isə daha çox sakit mühitdə özlərini rahat hiss edirlər.

 

Bir uşaq ünsiyyətcil, digəri qapalı ola bilər?

 

“Bəli, bu çox yayılmış bir haldır. Məsələn, eyni valideynlərin böyütdüyü iki bacı və ya qardaşdan biri daim sosial tədbirlərdə iştirak edir, dost çevrəsi genişdir, lakin digəri öz otağında tək qalmağı üstün tutur. Bunun bir neçə səbəbi ola bilər:

 

 • Uşağın keçirdiyi fərdi təcrübələr: Bir uşaq məktəbdə və ya dostları arasında tez-tez tənqid və ya lağ obyektinə çevrilibsə, o, özünə qapanıq ola bilər. Digər uşaq isə əksinə, sosial dəstək alıbsa, daha açıq xarakterə sahib ola bilər.

 

• Ailə daxilindəki münasibətlər: Əgər bir uşaq daha çox təriflənir, dəstəklənirsə, o, özünü daha inamlı hiss edəcək. Digəri isə daha çox tənqid və ya müqayisə olunursa, bu, onun emosional dünyasına mənfi təsir göstərə bilər.


 • Temperament və genetika: Hər bir insanın doğuşdan gələn daxili xüsusiyyətləri var. Bəzi uşaqlar təbiətcə enerjili və ünsiyyətcildir, bəziləri isə sakit və introspektivdir. Eyni ailədə böyüyən uşaqların fərqli xarakterlərə və dünyagörüşünə sahib olması sadəcə tərbiyə ilə izah edilmir. Bu fərqlər doğuşdan gələn temperament, doğuluş sırası, fərqli emosional təcrübələr və valideynlərin fərqli münasibəti ilə əlaqədardır. Hər bir uşaq dünyaya özünəməxsus şəkildə baxır və eyni hadisəni fərqli emosional prizmalardan qəbul edir. Buna görə valideynlər hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq onlarla fərqli yanaşma sərgiləməli və onların emosional inkişafına uyğun dəstək göstərməlidirlər. Unutmaq olmaz ki, eyni ailədə böyüyən uşaqlar nə qədər fərqli olsalar da, onların hər biri özünəməxsus şəxsiyyətdir və bunu da deyə bilərəm ki, hər biri fərqli şəkildə sevilməyə və anlanmağa ehtiyac duyur.

 

Mehriban Nəsibova