Rəqəmsal mediada felyetona tələbat varmı?

Tarix: 22:30 20.02.2025
Ədəbiyyat və jurnalistikanın kəsişməsində yer alan felyeton janrı hadisələr və fərdi həyatdakı prosesləri satirik üslubda cərəyan etdirir. Tarix boyu satira və gülüşü özündə birləşdirən felyeton janrında yazılmış məqalələr oxucu tərəfindən daha çox tələbatlı janr kimi yadda qalıb. Ədəbiyyat və jurnalistikanın inkişaf və tərəqqisi nəticəsində digər janrlarda olduğu kimi felyeton janrı da müsbət və mənfi dəyişikliklərə məruz qalaraq tələbatda nisbətən geriləyib.
Felyetonun xüsusiyyətlərində məsələnin satirik şəkildə tənqid edilməsi, ironiya və gülüşlə təqdim edilməsi yer alır. Oxucunu düşündürüb və əyləndirərək öz kütləsini formalaşdırır. Ənənəvi jurnalistikada felyeton qəzet və jurnallarda rast gəlinirdi və sərbəst düşüncə, yazı üslubu ilə oxucu tələbatını artırırdı.
Lakin indi felyetona tələbat bir çox amillərdən asılı ola bilər. Yeni mediada qısa məzmunlu yazıların olması və sürətli ictimai fikrin formalaşması felyetonun ənənəvi formasının dəyişməsinə gətiri b çıxarır. Sosial media platformalarında felyetonun gücünün zəiflədiyini görürük. Çünki bu platformalar qısa, vizual tipli kontentlərlə diqqət çəkir. Buna baxmayaraq onlayn mediada satirik tipli videolar populyarlıq qazanır.
Felyetonun tamamilə yox olacağı düşüncəsi yanlışdır. Çünki müasir dövrə adaptasiya oluna bilər. Məsələn, əvvəlcə yazılı formatda olan felyetonlar indi daha çox vizual formada irəliləyə və ya insanların tələbinə uyğun formada strukturlaşdırıla bilər. Bununlada jurnalistikada, sosial media və platformalarda öz yerini qoruya bilər.
Auditoriyanın dəyişkən tələbləri felyeton janrına olan tələbi də dəyişir. Ənənəvi mediada felyetona tələbat azalsa da, rəqəmsal mediada yeni formatlara uyğunlaşdırılaraq insanlar arasında populyarlıq qazanar.
Felyeton janrında yazarkən onun ənənəvi dil və üslubunu qorumaqla yanaşı, çağdaş zəmanəyə uyğun yazılmalıdır. Çünki insanlar çox düşünməkdən və ya daha uzun yazılar oxumaqdan qaçırlar. Hamı tərəfindən anlaşıqlı və cəmiyyətin maraqlarına uyğun mövzuları özündə əks etdirməlidir.
İstər felyeton, istərsə də digər janrlar olsun, onları rəqəmsal mediada qoruyub saxlamaq bizim əlimizdədir. Yeni üsullarla ənənəviliyi və yeniliyi bir araya gətirib tələbatı artıra bilərik.
Nurcan İsmayılova