Ənənəvi teatrın yeni istiqamətləri

Tarix: 22:34 20.02.2025
Cəmiyyət və mədəniyyətin inkişafına təsir göstərən, Antik Yunanıstandan indiki dövrə qədər gəlib çatan teatrı son illərdəki texnoloji və rəqəmsal inkişaf çətin vəziyyətə salıb.
İnternetə üz tutan cəmiyyət teatra tələbatlarını azaldaraq, onlayn izləməyi daha ön planda tutur. Bu vəziyyətin yaranmasında bir neçə faktorlar üzə çıxır ki, bunlardan biri də insanların xüsusən də gənclərin əyləncəyə baxış bucağının dəyişməsidir.
Rəqəmsal innovasiyanın sürətlə həyatımıza daxil olduğu bir dövrdə insanlar canlı tamaşaya baxıb, səhnəni hiss etməyə və teatr zallarına getməyə daha az maraq göstərir. Çünki smartfon və kompüterlərlə zaman və məkan tanımadan istənilən tamaşaya rahatlıqla baxa bilirlər. Onlayn platformalar izləyicilərə teatrı onlayn formatda baxmaq alternativi təklif edir.
Dövrün iş mühitinə uyğunlaşmağa çalışan insanlar daha sürətli həyat tərzi keçirdiyinə görə vaxt qıtlığı yaşayırlar ki, bu da teatra getməyə əngəl yaradır. Əvəzində qısa videolu məzmunlara üz tuturlar. Faktorlar içərisində qiymət problemi özünü göstərir. Bir çox ölkələrin teatr bilet qiymətlərinə nəzər yetirsək olduqca baha olduğunu və ya tamaşanın mövzusuna görə qiymət fərqlərinin olduğunu görə bilərik. Bu da tamaşaçı sayının azalmasına gətirib çıxarır.
Ənənəvi teatr müasir dövrlə ayaqlaşmaq üçün bir çox istiqamətlər yaradır və bunlardan biri də rəqəmsal yayımdır. Rəqəmsal yayım vasitəsilə onlayn formatda tamaşalarını izləyicilərə çatdırırlar. Bu istiqamət geniş auditoriyaya çatır deyə əlverişli olsa da teatrın ənənəviliyini zəiflədir. Çünki teatr zalında yaşanan təbii hisslər ekran qarşısında özünü doğrultmur. Ənənəvi teatrda aktyor tamaşaçı münasibəti var idisə, bu onlayn yayımda mümkün olmur, nəticədə aktyorlar tamaşaçıların reaksiyalarını hiss edə bilmir.
Ənənəvi teatr mədəniyyətin bir parçasıdır və həyatımızdan çıxması demək olar ki, cəmiyyətin geriləməsinə ciddi təsir göstərər. Buna görə də teatr müxtəlif istiqamətlərlə özünü yeniləməyə çalışır. Məsələn, bir çox ölkələrdə virtual reallıq formatında teatrlar vardır ki, tamaşaçılara canllı və innovativlik təklif edir. Lakin qiymət cəhətdən baha olduğu üçün hələ ki, bir çox tamaşaçı və ölkələrə əlçatan deyil. Gənclər daha çox sosial mediada olduğu üçün onların diqqətini çəkməkdən ötrü teatrı aktiv şəkildə sosial platformalarda yayımlamalıdırlar. Əsasən qısa video materiallar və interaktiv kontentlə gəncləri özlərinə çəkə bilər.
Tarix boyu teatr müxtəlif təsirlərə məruz qalsa da özünü qoruyub saxlamağı bacarıb. İndiki dövrdə də yeniliklərə qarşı özünü inkişaf etdirib sənət növü kimi gələcək nəsillərə ötürülməlidir.
Nurcan İsmayılova