Bankların kiberdələduzluq hallarında məsuliyyəti və görülməli tədbirlər
.jpg)
Tarix: 22:37 20.02.2025
Müasir dövrdə texnologiyanın inkişafı ilə yanaşı, kibercinayətkarlıq da geniş yayılıb. Telefon vasitəsilə həyata keçirilən dələduzluq halları xüsusilə bank müştərilərini hədəf alır və onların hesablarındakı pulların oğurlanması ilə nəticələnir. Belə vəziyyətlərdə bankların məsuliyyəti və bu cür halların qarşısının alınması üçün atılmalı addımlar aktuallıq qazanır. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və müştərilərin maarifləndirilməsi əsas prioritetlərdən sayılır.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov "informator.az"a açıqlama verib. O bildirib ki, vətəndaşların bank hesablarından pulların oğurlanması halları ciddi narahatlıq doğurur:
" Əksər hallarda vətəndaşlar heç bir əməliyyat etmədikləri halda, səhər yuxudan oyanıb hesablarından müəyyən məbləğdə vəsaitin yoxa çıxdığını görürlər. Bu kimi hallarda məsuliyyət birmənalı şəkildə bankların üzərinə düşür. Banklar müştərilərinin pullarını qorumaq üçün yüksək səviyyəli təhlükəsizlik sistemləri qurmağa mükəlləfdirlər. Əgər müştəri heç bir təsdiqlənmə prosesi həyata keçirmədiyi halda hesabından pul çıxarılırsa, bu, bankın təhlükəsizlik sistemində boşluqların olduğunu göstərir. Buna görə də banklar əməliyyat sistemlərini və kibertəhlükəsizlik mexanizmlərini gücləndirməli, elə bir sistem qurmalıdırlar ki, kiberhücumlar mümkün olmasın və üçüncü şəxslər müştəri hesablarına qanunsuz şəkildə daxil ola bilməsin".
Hüquqşünas həmçinin qeyd edib ki, vətəndaşların təhlükəsizlik sisteminə müdaxilə və onu qoruma imkanları yoxdur:
"Onların hesablarının təhlükəsizliyi tam şəkildə bankların məsuliyyətindədir. Bu səbəbdən banklar müasir texnologiyalar əsasında fəaliyyət göstərməli və vahid təhlükəsizlik standartlarına uyğunlaşmalıdırlar. Hazırda Azərbaycanda iki əsas bank əməliyyat sistemi mövcuddur: AzəriKart və MilliKart. Lakin bəzi banklar öz daxili əməliyyat sistemləri ilə fəaliyyət göstərirlər. Bu yanaşma kibertəhlükəsizlik baxımından ciddi risklər yaradır. Buna görə də banklar vahid, daha güclü təhlükəsizlik sisteminə keçid etməli və vətəndaşların pullarının qorunmasını ən yüksək səviyyədə təmin etməlidirlər.
Vətəndaşların hesablarından icazəsiz pul çıxarılması hallarında banklar məsuliyyət daşımalıdır. Onlar təhlükəsizlik tədbirlərini gücləndirməli, əməliyyat sistemlərini daha dayanıqlı etməli və kibercinayətkarlığa qarşı mübarizədə effektiv həll yolları tətbiq etməlidirlər".
Nərgiz Orucova