Ukraynanın ərazi bütövlüyü məsələsi gündəmdə-ABŞ və Rusiya arasında danışıqlar

Bölmə: Siyasət › ,
Tarix: 22:59 20.02.2025

Son dövrlərdə ABŞ və Rusiya arasında gedən siyasi danışıqlar beynəlxalq arenada geniş müzakirə mövzusuna çevrilib. Xüsusilə də, bu danışıqların Ukraynanın ərazi bütövlüyünə təsiri və Volodimir Zelenskinin mövqeyi diqqət mərkəzindədir. ABŞ-nin prezidenti Donald Trampın Ukrayna liderinə qarşı irəli sürdüyü ittihamlar, eləcə də Rusiya ilə mümkün razılaşmaların perspektivləri dünya ictimaiyyətində ciddi narahatlıq doğurur.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın Zelenskiyə qarşı ittihamları əslində onu ABŞ-nin Rusiya ilə mümkün razılaşmasına razılıq verməyə məcbur etmək məqsədi daşıyır:

 

“Məhz bu səbəbdən Tramp Zelenskiyə qarşı həqiqətə söykənməyən ittihamlar irəli sürür. Zelenski Trampın Rusiya ilə apardığı danışıqlardan və Ukraynanın ərazilərinin Rusiyaya güzəştə gedilməsindən narazıdır və buna müqavimət göstərməyə çalışır”.

 

Oktay Qasımov Türkiyə–Ukrayna münasibətlərinə də toxunub:

 

“Türkiyə, Rusiya–Ukrayna müharibəsi başlayan gündən etibarən Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələrdən biridir. Ankara problemlərin dinc yolla həllini dəstəkləyir. Əgər Türkiyə birtərəfli mövqe tutsaydı, bu, Rusiya ilə münasibətləri daha da gərginləşdirə bilərdi. Türkiyə, Rusiya və ABŞ-lə məsləhətləşmədən belə bir prosesə təkbaşına daxil olmaz”.

 

Asiman Vəliyeva