Rusiya: NATO əsgərlərinin Ukraynada yerləşdirilməsi qəbuledilməzdir

Tarix: 23:42 20.02.2025
Kremlin sözçüsü Dmitri Peskov Avropa ölkələrinin Ukraynaya hərbi qüvvə göndərmə ehtimalı ilə bağlı açıqlama verib. O, “Bu, bizi narahat edir. NATO ölkələrinə məxsus əsgərlərin Ukrayna ərazisində yerləşdirilməsi qəbuledilməzdir”, – deyə bildirib.
Peskov paytaxt Moskva şəhərində jurnalistlərə gündəmdəki mövzularla bağlı açıqlamalar verib. O, Avropanın Ukraynada hərbi qüvvə yerləşdirmək ehtimalına toxunaraq bu məsələni diqqətlə izlədiklərini qeyd edib.
Peskov, “Bu, bizi narahat edir. Çünki burada NATO əsgərlərinin Ukraynada yerləşdirilməsindən söhbət gedir. Bu, təhlükəsizliyimiz baxımından tamamilə fərqli məna kəsb edir. Bu səbəbdən bu mövzu bizim üçün əhəmiyyətlidir. NATO ölkələrinə məxsus əsgərlərin Ukrayna ərazisində yerləşdirilməsi qəbuledilməzdir”, – deyə vurğulayıb.
Peskov keçmiş ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynada müharibənin davam etməsində maraqlı olduğunu, Donald Trampın isə sülh və danışıqlar tərəfdarı olduğunu qeyd edib.
O, bunu müsbət qiymətləndirərək, “Biz də bütün məqsədlərə sülh yolu və danışıqlar vasitəsilə nail olunmalı olduğunu düşünürük”, – deyə bildirib.
Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi ehtimalına da toxunan Peskov, “Rusiya-ABŞ dialoqunun bütün istiqamətlər üzrə bərpası qərara alınıb. Təbii ki, mübadilə məsələsi də ikitərəfli münasibətlərin gündəmindədir. Buna görə də məhbus mübadiləsinin yenidən baş tutması istisna edilmir”, – deyə qeyd edib.
Peskov ABŞ ilə Ukrayna arasında fikir ayrılıqlarının yaşandığını və Kiyevin “nəzarətsiz xərcləməyə” alışdığını bildirib. O, “Kiyev xarici vergi ödəyicilərinin pulunu və bu vəsaitləri nəzarətsiz şəkildə xərcləməyi sevir. Təbii ki, xərclənən pulla bağlı hesabat vermək Kiyevin xoşuna gəlmir”, – deyə qeyd edib.
Ukrayna rəhbərliyinin son aylarda digər dövlətlər barədə qəbuledilməz açıqlamalar verdiyini vurğulayan Peskov, “Təbii ki, bu cür açıqlamalar bir çox dövlət başçıları üçün qəbuledilməzdir. Lakin (Ukrayna Prezidenti Volodimir) Zelenskinin reytinqinin aşağı düşdüyü açıq-aşkardır”, – deyə əlavə edib.
O, Ukrayna ordusunun Rusiyanın Bryansk vilayətinə hücum edəcəyi ilə bağlı iddialara münasibət bildirərək, Rusiya hərbi qüvvələrinin bütün cəbhələrdə vəziyyəti izlədiyini qeyd edib.
Elnurə Kərimova
Habertürk