Tramp öz ordusunu Suriyadan çıxaracaqmı?-AÇIQLAMA

Tarix: 13:35 21.02.2025
Amerika Birləşmiş Ştatlarının qoşunlarını Suriyadan çıxarması məsələsi böyük ehtimal kimi görünür.
Bu fikirləri İnformator.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib. Politoloqun sözlərinə görə ABŞ-ın Yaxın Şərq siyasəti Tramp hakimiyyəti dövründə daha da güclənəcək:
“Yaxın Şərq siyasəti əsasən İsraildə baş tutan müttəfiqlik münasibətlərindən qaynaqlanır. Bu münasibətlərin isə Tramp adminstrasiyası dövründə daha da güclənəcəyi böyük ehtimaldır”.
Şərhçi bildirir ki, Suriyanın bir sıra ərazilərinin əldə saxlanmasına dair atılan siyasi addımlar gündəmdədir:
“Suriya məsələsinə dair siyasət isə tamamilə fərqli istiqamətdə davam edir. İsrail Colan təpəliklərini illər əvvəl işğal etdiyi üçün bu bölgələri, eyni zamanda isə Suriya resursları olan əraziləri əlində saxlamaq məqsədi güdür”.
Z.Əmrəliyev bu məsələdə Türkiyənin mövqeyinin mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb:
“Ən önəmli məsələ isə Türkiyənin mövqeyidir. Tramp bir neçə il öncəki bəyənnaməsində də Suriyanın Türkiyə ilə birgə fəaliyyət etməsi məsələsini gündəmə gətirib”.
Politoloq sonda bildirir ki, Türkiyənin mövqeyi hansı yönümlü olarsa, ABŞ-da o istiqamət üzrə hərəkət edəcəkdir:
“ABŞ qoşunlarının Suriyadan çıxma ehtimalı böyükdür. Tramp adminstrasiyası çalışacaq ki, Suriya məsələsində Türkiyə ilə razılığa gəlsin”, - deyə şərhçi yekunlaşdırıb.
Selcan Həsənova