“Rusiya və ABŞ arasında ciddi danışıqlar başlayıb”-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 14:53 21.02.2025

“Fikir verin, uğurlu komediya ustası Volodimir Zelenski, ABŞ-yə 350 milyard dollar dəyərində maliyyə ilə bağlı mesajlar göndərir. Hansı ki, qalib gəlməyin mümkün olmayacağı, hətta heç başlamamalı olan müharibə üçün”.

 

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.

 

Mövzu ilə bağlı politoloq Sahil Kərimli “informator.az”a bildirib ki, bu gün dünyada geosiyasi proseslər baş verir ki, burada Rusiya-Ukrayna müharibəsinin talehi ilə bağlı əsas qərarları ABŞ və Donald Tramp administrasiyası verir:

 

“Aİ ölkələrinin hər hansısa müdaxiləsinə, cəhdinə baxmayaraq artıq Rusiya və ABŞ arasında ciddi danışıqlar başlayıb. Danışıqların nəticəsi ilə bağlı səsləndirilən rəsmi bəyanatlarda da proses Amerika və Rusiyaya sərf edən formada nəticələnib. Növbəti proseslərdə də Rusiya və Amerika arasında aparılan danışıqlar onu göstərir ki, Ukrayna və onun prezidenti Zelenski danışıqlar prosesindən hələki kənar tutulur. Ukraynanın mövqeyi nəzərə alınmır. Müharibəni Aİ ölkələrinin uzatması cəhdi heç bir nəticə verməyəcək. Çünki Amerika və Rusiya bu istiqamətdə müəyyən razılığa gəliblər. Avropa ölkələri bundan narahat olmağa başlayıblar. 

Aİ ölkələri ilə NATO-nun özü də gələcəkdə təhlükəsizliklə bağlı Rusiyanın təhdidləri ilə bağlı ciddi narahatlıq yaşayırlar. Fransa Prezidenti və Böyük Britaniyanın Baş naziri də bu günlərdə bu məsələlərlə bağlı Amerikaya səfər planlaşdırırlar. Trampla da görüşmək niyyətindədirlər. Bu görüşdə Trampın hazırkı mövqeyindən geri çəkindirilməsi ilə bağlı atılacaq hər hansı addımlar ciddi nəticə verməyəcək. Çünki Tramp dünya ictimaiyyəti qarşısında öz siyasi mövqeyini bəyan edib”. 

 

Kəmalə Vəliyeva