"Azərbaycanın müdafiə sənayesində Pilotsuz Uçuş Aparatları çeşidləri getdikcə çoxalır"

Tarix: 17:20 21.02.2025
Pilotsuz Uçuş Aparatları müasir döyüş taktikalarını əsaslı şəkildə dəyişdirən əsas texnologiyalardan biridir.
Bu haqqda hərbi ekspert Şair Ramaldanov “İnformator.az”a açıqlamasında bildirib ki, kəşfiyyat və müşahidə əməliyyatlarında Pilotsuz Uçuş Aparatlarının əhəmiyyəti danılmazdır:
“Demək olar ki, müasir dövrdə istər təlimlərdə, istər döyüşlərdə müşahidə və kəşfiyyat əməliyyatlarını PUA olmadan təsəvvür etmək mümkün deyil. Pilotsuz Uçuş Aparatlarının imkanları o qədər sıxlıqla müşahidə olunur ki, onlarda olan texnoloji imkanlarla həm kəşfiyyat, həm də müşahidə əməliyyatlarında qarşıya qoyulan bütün məqsəd və tapşırıqlara nail olunur.
Ona görə də kəşfiyyat və müşahidə əməliyyatları əvvəllər ancaq kəşfiyyatçılar vasitəsilə vizual şəkildə və digər texniki vasitələrlə aparılırdısa, indi bu əməliyyatlar məhz Pilotsuz uçuş aparatları vasitəsilə aparılır və bu da həm kəşfiyyatçılara, həm xüsusi təyinatlılara, həm də əməliyyat iştirakçılarına lazım olan dəqiq məlumatları əldə etmək üçün əvəzolunmaz vasitə kimi qalır. Ona görə də bu gün yüngül, orta və ağır PUA-lar istehsal olunur. Onlar demək olar ki, həm qrup şəklində istifadə oluna bilər, yəni, bir idarə edən PUA bir neçə PUA-ları idarə edərək onları hədəfə yönəldə bilər. Əlbəttə, bu gün PUA-ların geniş tətbiqi hərbi sənaye kompleksində həm gəlirli, həm perspektiv və inkişafda olan bir sahə kimi qəbul olunur”.
Ekspertin sözlərinə görə, qeyri simmetrik müharibələrdə PUA-ların texnoloji təhqiqat və bu sahədə aparılan işlər həmişə hansısa silah çıxarılanda silahın inkişafı ilə bərabər o silahlara qarşı olan müdafiə sistemləri paralel olaraq inkişaf edir:
“Bu gün PUA-ları zərərsizləşdirmək, əsas hədəfdən yayınma, idarəetməni məcburən ələ keçirmək və hətta həmin PUA-ları öncədən idarə olunan hallara qarşı yönəltmək və yaxud başqa bir hədəfə yönəltmək imkanları geniş istifadə olunur. Biz bilirik ki, PUA-lar radioelektron dalğalarla idarə olunur və həmin radiodalğaları kəşf edərək, o radiodalğalara sahib çıxan qarşı tərəf daha güclü siqnal göndərərək PUA-dan öz məqsədlərinə uyğun istifadə edə bilər, yaxud PUA-nı zərərsizləşdirmək imkanı var.
PUA-ların inkişafı ilə paralel olaraq PUA-lara qarşı olan vasitələr, silahlar və yaxud sistemlərin istehsalı və bu sahədə təhqiqatlar demək olar ki, paralel aparılır.
Müasir PUA-lar demək olar ki, nə qədər fərqli və müxtəlif məqsədlərə xidmət edirsə, həmin məqsədlərə uyğun PUA-lar müəyyən silahlarla təchiz olunurlar. Bu silahlar partlayıcı maddədən tutmuş xüsusən Rusiya-Ukrayna müharibəsində istifadə olunan raketlərə qədər gedib çıxır”.
Müsahibimiz qeyd etdi ki, PUA-lar 8-10 kilometr hündürlüyə qədər qalxa, 500 kiloqrama qədər silah-sursat daşıya və 24 saatdan çox avtonom şəkildə uça bilmək imkanlarına malikdir:
“Düşünürəm ki, hazırda aparılan təhqiqatlar o imkanları genişləndirmək istiqamətində aparılır. PUA operator vasitəsilə məsafədən idarə olunur və insan faktoruna bağlıdır və onun təhlükəsizliyi tam şəkildə zəmanətlidir.
Ali Baş Komandan İlham Əliyev Türkiyənin “Bayraqdar Pilotsuz Uçuş Aparatları” haqqında danışanda söyləyib ki, Vətən müharibəsində “Bayraqdar Pilotsuz Uçuş Aparatları” vasitəsilə düşmənin 1 milyarddan yuxarı silah-sursat və texnikası məhv edilib.
44 günlük müharibə zamanı PUA-ların geniş imkanları bu sahədə sıçrayış yaratdı və artıq bu gün elə bir hərbi sənaye kompleksi tapmaq olmaz ki, bu sahədə təhqiqatlar aparılmasın.
Azərbaycan PUA-ları həm özü istehsal edir, həm də birgə istehsal kontraktları mövcuddur.
PUA-lar bizim dünənimizdir, bu günümüzdür və düşünürəm ki, gələcəyimizdir”.
Nərmin Həşimova