Mark Zukerberqin xeyriyyə fondu DEI proqramlarını dayandırdı

Tarix: 18:04 21.02.2025
Mark Zukerberq və Priscilla Chanın təsis etdikləri xeyriyyə fondu The Chan Zuckerberg Initiative (CZI) Müxtəliflik, Bərabərlik və İnklüzivlik (DEI) proqramlarını dayandırır.
TechCrunch nəşrinin məlumatlarına görə, fond artıq irq bərabərliyi və miqrasiya islahatları üçün qrantlar ayırmayacaq. Bunun əvəzinə, resurslar biologiya və süni intellekt sahələrinə yönəldiləcək.
The Guardian nəşri CZI-nin baş əməliyyat direktoru Mark Malandroya istinadən bildirib ki, təşkilat "sosial müdafiə fondu" təqdim etməyi dayandıracaq və yeni prioritetlərə fokuslanacaq.
Qərar isə fondun fevral ayında verdiyi bəyanatla ziddiyyət təşkil etməkdədir. Həmin vaxt CZI-nin HR rəhbəri Mark Gundacker işçilərə Meta-dakı DEI proqramlarının ləğvinin CZI-nin fəaliyyətinə təsir etməyəcəyini bildirib.
Hazırda isə fond bu məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina edib.
Mənbə:Techcrunch
Zeynəb Yunuszadə