"Xatirələrimiz zamanla dəyişir"

Tarix: 18:40 21.02.2025
İnsan yaddaşı sabit və dəyişməz bir sistem deyil. Beyin hər dəfə xatirələri xatırladıqda onları yenidən formalaşdırır, bu da müəyyən dəyişikliklərə gətirib çıxarır. Keçmiş hadisələr zamanla beynimizdə fərqli şəkillər ala bilər, çünki yaddaş yalnız informasiya saxlamaq funksiyasını yerinə yetirmir, eyni zamanda onu emal edir və yeniləyir.
Psixoloq Zeynəb Əyyubova "informator.az"a açıqlamasında bildirib ki, yaddaş dinamik və daim yenilənən bir prosesdir.
O qeyd edib ki, insan xatirələri zamanla dəyişə bilər və bu beynin yaddaşı yenidən qurma xüsusiyyəti ilə bağlıdır:
"Yaddaş fotoaparat kimi sabit deyil, hər dəfə xatırlananda müəyyən dəyişikliklərə məruz qalır. Xatirələrimizin zamanla dəyişməsi normaldır. Beynimiz keçmişi hissələr halında saxlayır və hər dəfə xatırladıqda bu hissələri yenidən birləşdirir. Bu prosesdə bəzi boşluqları yeni məlumatlarla doldura bilərik. Emosiyalar yaddaşa təsir edir və travmatik hadisələr zamanı xatirələr daha çox dəyişə bilir. Güclü emosional hadisələr yaddaşda daha uzun müddət qalır, lakin həmin emosiyalar zamanla dəyişə bildiyindən, xatirələrimiz də bu dəyişikliyə uyğun şəkildə yenilənir. İnsanlar keçmiş hadisələri danışdıqca başqalarının reaksiyaları və hekayələri onların xatirələrinə təsir edə bilər. İnsanlar keçmiş hadisələri fərqli şəkildə xatırlaya bilər. Bu, onların yaddaşlarının pozulması anlamına gəlmir. Yaddaş daim yenilənən və adaptiv bir mexanizmdir. İnsanların xatirələri zamanla dəyişdiyinə görə, keçmiş hadisələri tam dəqiq xatırlamaq çətindir və bu, xüsusilə hüquqi və psixoloji sahələrdə mühüm əhəmiyyət kəsb edir. Şahid ifadələri və xatirələrin dəqiqliyi məsələsində ehtiyatlı olmaq lazımdır. Hüquq sahəsində işləyən mütəxəssislər və psixoloqlar bilməlidirlər ki, insanların yaddaşı dəyişə bilər və bu, onların səmimi olmamaları demək deyil".
Psixoloq yaddaşın dəqiqliyini artırmaq üçün əlavə mənbələrə əsaslanmağı tövsiyə edib:
"Keçmiş hadisələri xatırlayarkən foto, video və ya yazılı mənbələrə əsaslanmaq yaddaşın dəqiqliyini artırmağa kömək edə bilər. Xatirələrin dəyişməsinin təbii olduğunu qəbul etmək lazımdır. Heç bir insan keçmişi yüz faiz olduğu kimi xatırlaya bilməz. Bu, beynin işləmə mexanizminin bir hissəsidir".
Yunuszadə Zeynəb