"Ukrayna müharibəsi qlobal güc balansını dəyişəcək"

Bölmə: Siyasət › ,
Tarix: 18:41 21.02.2025

İkinci Dünya Müharibəsindən sonra qurulan dünya nizamının çökmə prosesi beynəlxalq münasibətlər sistemində dərin dəyişikliklərə yol açır. 

 

Bu barədə politoloq Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, İkinci Dünya Müharibəsindən sonra qurulan dünya nizamının çökmə prosesi eyni zamanda kollektiv əməkdaşlıq anlayışını da dəyişir:

 

"Bu Birləşmiş Ştatlarla Avropa İttifaqı və Kanada arasında ideoloji fərqliliklərin yaranmasına səbəb olur. Nəticədə, dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq təşkilatlar öz əhəmiyyətini itirir və ya təsir gücünü azaldır. Bu vəziyyətə uyğun olaraq, müxtəlif dövlətlər yeni geosiyasi şəraitdə öz gələcək perspektivlərini planlaşdırmağa və milli maraqlarını təmin etməyə çalışırlar. Hər bir ölkə mümkün qədər risklərdən yayınmağa üstünlük verir. Buna görə də yaranmış bu şərait gələcək dünya nizamının necə formalaşacağını müəyyənləşdirəcək və böyük dövlətlərin təsir imkanları hansı regionlarda özünü göstərəcəksə, bu, beynəlxalq münasibətlərin əsas meyarlarından birinə çevriləcək.

Birləşmiş Ştatlarla ideoloji baxımdan fərqli mövqedə dayanan Kanada, Fransa, Almaniya və digər ölkələr arasında problemlər dərinləşir. Müxtəlif ölkələr, xüsusilə Avropa İttifaqına daxil olan dövlətlər və Kanada çalışır ki, Ukrayna məsələsi ətrafında Birləşmiş Ştatlarla Rusiya arasında konsensusu dəyişdirsinlər və öz maraqlarını qorumağa yönələn siyasət yürütsünlər”.

 

Politoloq sözlərində qeyd edib ki, Ukrayna müharibəsi böyük dövlətlər arasında maraq toqquşmalarını daha da dərinləşdirəcək:

 

“Bəzi dövlətlər öz maraqlarını təmin etmək üçün Ukrayna kartından istifadə edirlər. Bu baxımdan Birləşmiş Ştatların, yəni kollektiv Qərbin artıq əvvəlki kimi vahid bir güc mərkəzi olmadığı şəraitdə, Birləşmiş Ştatların geosiyasi strategiyası ilə Avropa İttifaqının, xüsusilə Fransa və Almaniya kimi lider ölkələrinin, eyni zamanda Şimali Amerikanın əsas iqtisadi mərkəzlərindən olan Kanada arasında maraq toqquşmaları mövcuddur.

Gələcəkdə xüsusilə Ukrayna müharibəsinin tənzimlənməsi prosesində bu maraq toqquşmalarının daha da dərinləşəcəyini müşahidə edəcəyik. Bu ziddiyyətlər beynəlxalq münasibətlər sisteminə və qlobal güc balansına birbaşa təsir göstərəcək”.

 

Xanım Ağamalıyeva