Restoranların Yüksək Musiqi Səsi Qanun Pozuntusudur?

Tarix: 19:03 21.02.2025
Restoran və digər ictimai yerlərdə musiqinin həddindən artıq yüksək olması yaxınlıqda yaşayan insanlara narahatlıq yaradır. Bu, onların gündəlik həyatına və rahatlığına mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı hüquqşünas Ayxan Məmmədli "informator.az"a verdiyi açıqlamada bildirib ki, yüksək səs problemi hərtərəfli şəkildə qiymətləndirilməlidir:
"Düzdür, bu, insanlara təsir edir, ancaq nəzərə almaq lazımdır ki, bu sahədə çalışan şəxslər də bu fəaliyyət vasitəsilə gəlir əldə edirlər. Buna görə də qanunvericilik hər kəsin maraqlarını nəzərə almaq məqsədilə sanksiyaları yalnız sağlamlığa və insan həyatına real təsir göstərdiyi halda tətbiq edir.
İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, ictimai yerlərdə, yaşayış binalarında, onların girişlərində və həyətlərində, istirahət zonalarında gecə saat 00:00-dan səhər 07:00-a qədər səs-küy salmaq, yüksək səslə musiqi dinləmək, televizor və digər avadanlıqları gur səslə işlətmək qadağandır. Bu normanın tələblərini pozan fiziki şəxslər 150-200 manat, vəzifəli şəxslər isə 2000-2500 manat məbləğində cərimələnir".
Hüquqşünas yüksək səsin nəyə əsasən müəyyən olunduğundan da danışıb. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 796 nömrəli fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları" bu məsələni tənzimləyir. Bu normalarda müxtəlif obyektlər üçün səsin icazə verilən yuxarı həddi gecə və gündüz saatlarına uyğun olaraq ayrı-ayrılıqda müəyyən edilib.
Elnurə Kərimova