Azərbaycan səhnəsinin gənc ulduzu Elnur Qədirovun 30 yaşı oldu

Bölmə: Mədəniyyət › ,
Tarix: 14:39 03.11.2015

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Elnur Qədirov ötən müddət ərzində özünü bu qocaman məbədin səhnəsində perspektivli bir aktyor kimi çoxdan təsdiq etmişdir. Onun ötən müddətdə Avksentiya Saqarellinin "Xanuma", Eduardo de Filipponun “Oğru cənnətdə və yaxud Vinçenso de Pretore”, İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə”, Elçinin "Teleskop", Hüseyn Cavidin “Əmir Teymur”, Yevgeni Şvartsın “Kölgə”, Mirzə Fətəli Axundzadənin “Lənkəran Xanın sərgüzəştləri” və başqa tamaşalarda bir-birindən rəngarəng oynadığı rollarının özü bütün bunları təsdiq edir.

Çox təəəsüflər olsun ki, Elnur Qədirov kimi gənc və perspektivli aktyorların bu böyük teatr məbədində öz istedadlarının ənginliklərini nümayiş etdirmək üçün bürokratiyanın yaratdığı süni əngəllər və problemlər özünü göstərməkdəir. İndi bu gənc aktyorun yaradıcılığının elə bir çağıdır ki, teatrın səhnəsində daha üstün səviyyədə bir-birindən maraqlı olan obrazların palitrasının mənzərəsini yarada bilər. Özəlliklə də son beş ildə bu teatrda mövcud olan atmosfer daha dözümsüz məcrada olmuşdur. Ona görə ki, çağdaş teatrımızın yeni nəslinin fitrətindən gələn imkanlarını üzə çıxarmaq üçün bu sənət məbədinə yad olanların rəhbərlik etməsi, onun mətbəxində yetkin sənətkar kimi inkişaf edənlər beləcə dəyərləndirilmədilər. Çünki, ötənlərdən miras qalmış ənənələrin dışında olan anlamlar nimdaş düşüncə və tətfəfkkür tərzindən uzağa gedə bilmir.



Akademik Milli Dram Teatrına doğru gedilən yollar müxtəlif olsa da, onun səhnəsi hər zaman bircə yol tanımışdır. Bu, istedadla oynanılan rollar və tamaşalardır. Zatən tarixdə qalan başlıca faktor elə bu prinsipə söykənir. Elnur Qədirov yaşıdları olan aktyorlar nəsli içində öz istedadı, səhnə duyumu ilə fərqlənən sənətkarlarımızın sırasında duran bəlkə də ən birincisidir. Son beş ildə teatrda bürokratcasına yaradılmış antoqonist mühitin ona verdiyi ağrı-acını tamamilə fərqli bir meydanda, televiziya kanallarında çəkilən seriallara yönəltməyə məcbur olmuşdur. Harada, hansı profildə çıxış etməsinə baxmayaraq, taleyi qədər inandığı, dəyər verdiyi aktyor sənətinə olan sevgisini heç zaman dəyişməmişdir. “Xəzər TV” kanalında çəkilən “Bir ailəm var” serialı elə bunu bir daha təsdiq edir.

İstər teatrda, ya da TV kanallarda çəkildiyi seriallarda Elnur Qədirov bir aktyor kimi köhnəliyin acı mirası olan “başqalarından fərqlənmək” kimi xəstəlikdən çox-çox uzaqdır. O, oynadığı rolları ilə əsərin kompleksini, onun bədii siqlətinin ruhunu qorumağa çalışır. Mono obraz aurasının təsir vasitələrindən mümkün qədər uzaqda durur. Beləliklə də səhnədə ya ya çəkildiyi filmlərdə oyundaşları ilə birgə ansambl yaratmağın ruhunu süsləyir. Buna vahid orqanizm, sənətin ahəngi, ritmi deyilir. Obrazların palitrasında hər şey beləcə daha məzmunlu və dolğun öz bədii inikasını tapır. Elnur Qədirov bax belə bir aktyordur. Bəlkə də çoxları onun yaratdığı auranı fərqində deyil. Ancaq, gerçəklik budur.          

Çağdaş aktyor sənətinin yaradıclığı ötən yüzilliklərdən fərqli olaraq daha da peşəkar və canlı sənət vasitəsinə çevrilib. Bugünkü aktyor sənəti dramaturqun və ya yönətmənin (yönətmən) ideyasını deyil, həm də özünün daxili potensialını, istedadını oynadığı tamaşanın leytmotivinə çevirməklə daha üstün səviyyədə sənət əsəri yaratmaq üçün çalışır. Aktyorun ifa etdiyi rolun daxili aləmi, onun səhnə təcəssümü, hərəkətliliyi, təbii şəkildə inandırıcı səhnə manerası, obrazın psixoloji naturasını, nitqinin təbiliyi, güc sərf etmədən xarakterlərin ruhunu sözə, sözün ruhunu isə sənətə çevirməyi, plastik yorumun imkanları üzə çıxarmağı bacarmalıdır. Oynadığı tamaşanın janrından asılı olmayaraq, obrazların improvizələrini sənətin təbii axarına uyğun şəkildə ortamını irəli sürməyi bacarmalıdır. Beləliklə də əsil sənətin enerjisi yaranır.



Görkəmli teatr xadimi Hedrüs Matskyaviçus deyidirdi ki, çağdaş teatrın əsas dəyəri onun plastikasının poetikasını yaratmaq vacib sənət meyarıdır. Tarixi, fəlsəfi, filoloji, sənət, sosiallıq, ictimai və kulturoloji anlamları teatr özündə birləşdirdikdə, əsil aktyor oyunu çağdaş tamaşaçının qəlbinə asanlıqla yol tapa bilir.

Məşhur rus dramaturqu Nikolay Kolyadın fikrincə isə, teatrı marginallaşdıran məmur savadsızlığı hər zaman yaradıcı sənət adamlarının etirazına səbəb olur. Çünki, onlar səhnədə sənətin və obrazların simvolunu anlamaqda çətinlik çəkirlər. Həqiqi sənət xadimləri isə, motivlərin spektrini deyil, oynanılan əsərin ekzistentsial mahiyyətini önəmli sayırlar. A. Miller, E. Olbi, J. Hensberi, T. Uilyams, A. Arto, A. Romm və başqa dahi teatr xadimlərinin fikrincə, çağdaş teatr sənətinin başlıca inkişaf yolları sənətin plastik anlamlara söykəmli zərifliyi öndə olmalıdır.   

Elnur Qədirov aktyor olmaqla yanaşı, musiqi quyumunu səhnəyə gətirən nadir sənət adamlarından biridir. Əməkdar incəsənət xadimi, görkəmli teatr rejissoru Bəhram Osmanovun Gəncə Dövlət Dram Teatrında Əli Əmirlinin “Varlı Qadın” iki hissəli qara komediyasına verdiyi quruluşun musiqi tərtibatısı məhz Elnur Qədirovdur. Azərbaycan Dövlət Televiziyasında bir sıra verilişlərin musiqi proqramlarının hazırlanmasında iştirakı istedadının ancaq sənət və sənət meyarlı ilə uzlaşdırmağı bacarığının istedadının ənginliklərini təsdiq edir.

Çox dəyərli sənət dostumuz Elnur Bəy. Sənin 30 yaşının tamam olmasını və ad gününü təbrik edirik!. Sənə bu gözəl həyatda sənət uğurları, can sağlığı diləyirik. Sən hər zaman Akademik Milli Dram Teatrının gəncliyinin nəfəsi və danışan dili olmusan. Bu möhtəşəm xarakterinlə yaşıdlarının örnəyinə çevrilmisən. Əxlaqınla, vicdanınla, ruhunla, sənətinlə malik olduğun ən müsbət keyfiyyətlərin daşıyıcısına çevrilmisən. Sənə bundan sonra ancaq xoşbəxtlik arzu edirik.

Hörmətlə sənin sənət dostların!..