Moskva və Tbilisi arasında Abxaziya ilə bağlı yeni dialoq siqnalları

Tarix: 20:32 21.02.2025
Rusiya və Gürcüstan arasında uzun illərdir gərgin münasibətlərin əsas səbəblərindən biri olan Abxaziya məsələsi yenidən gündəmdədir. Moskva və Tbilisi arasında bu mövzu ilə bağlı mümkün dialoq ehtimalları son günlərdə müxtəlif mənbələr tərəfindən səsləndirilməyə başlayıb. Gürcüstan hökuməti Abxaziyanın işğal altında olduğunu bildirərək suverenliyinə xələl gəlmədiyini vurğulasa da, Rusiya bölgədəki təsirini möhkəmləndirməkdə davam edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Sultan Zahidov qeyd edir ki, hazırda Abxaziyada siyasi təlatümlər baş verməkdədir:
"Bunun əsas səbəbi Rusiyanın mübahisəli investisiya layihəsinə görə payız aylarında Abxaziyada kütləvi etiraz aksiyalarının baş verməsidir. Həmin investisiya layihəsi Abxaziya iqtisadiyyatını tam şəkildə Rusiyanın nəzarətinə verəcəkdi ki, məhz buna görə insanlar kütləvi etiraz aksiyalarına qoşuldular. Nəticədə prezident istefa verdi. Prezidentin yerinə müvəqqəti olaraq Badraqumba prezidentlik səlahiyyətlərini icra etməyə başladı. Daha sonra qərara alındı ki, 2025-ci il fevralın 15-də Abxaziyada seçkilər keçirilsin. Seçkilərdə nə Badraqumba, nə də Adqorabzimba 50%-lik baryeri keçə bilmədiyi üçün martın 1-də seçkilərin ikinci mərhələsi keçiriləcək. Prezidentliyə əsas namizəd Badraqumbadır. İlk mərhələdə də ən çox səsi o yığıb. Hər kəs bilir ki, o, Rusiyanın adamıdır, Rusiyanın dəstəklədiyi namizəddir. Sözsüz ki, Gürcüstan bu seçkiləri tanımır və tənqid edir. Çünki bu, Gürcüstanın ərazi bütövlüyünə ziddir. Azərbaycan da həmçinin Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın ərazisi kimi tanıdığı üçün oradakı seçkiləri qəbul etmir.
Abxaziya, təbii ki, Rusiyanın təsir dairəsindədir və faktiki olaraq Rusiyanın nəzarəti altında olan bir subyektdir. Rusiya ilə Gürcüstanın maraqlarının toqquşduğu əsas məsələlərdən biri də Abxaziya və Cənubi Osetiyadır. Gürcüstan məhz bu səbəbdən Lavrovun Gürcüstanın iştirakını istədiyi "3+3" platformasında yer almaqdan imtina edib. Bunun əsas səbəbi Rusiyanın işğalçı siyasətidir.
Hazırda Moskva və Tbilisi arasında Abxaziya ilə bağlı mütəmadi danışıqların baş verdiyini düşünürəm. Gürcüstan, sözsüz ki, Abxaziyanın geri qayıtmasını istəyir. Rusiya indiki halda Gürcüstanı qıcıqlandırmaq istəmir. Çünki hazırda Gürcüstanda hakimiyyətdə olan "Gürcü Arzusu" partiyası Rusiya ilə yaxın münasibətlərə və təmaslara malik olan hökumətdir. Rusiya başa düşür ki, Gürcüstanın Qafqazda əhəmiyyəti böyükdür və onu bir dəhliz kimi saxlamalıdır. Şərq və Qərb arasında mühüm keçid nöqtəsi olan bu dəhlizi Rusiya əldən buraxmaq istəmir.
Azərbaycan tam müstəqil siyasət yürüdür, Ermənistan isə Qərbə doğru istiqamət alıb. Buna görə Rusiya Gürcüstanı heç bir halda itirmək istəmir. Mən inanıram ki, Rusiya danışıqlar zamanı Gürcüstana vədlər verir ki, Abxaziyada keçirilən seçkilərə göz yumsun. Əgər proseslər istədikləri məcrada davam edərsə və Rusiya Ukraynadan qalib çıxarıqsa, o zaman Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması məsələsi gündəmə gələ bilər. Lakin mən bu vədlərə inanmıram. Əvvəllər də mediada bu cür şayiələr dolaşırdı ki, guya Rusiya Abxaziya və Cənubi Osetiyanı geri qaytara bilər. Amma Rusiya indiyə qədər hansısa işğal etdiyi ərazini geri veribmi ki, indi bunu etsin? Əksinə, biz Rusiyanın daha çox ərazi işğal etmək və sərhədlərini genişləndirmək istəyində olduğunu görürük. Sadəcə bu vədlər Gürcüstan hakimiyyətini Rusiyadan uzaqlaşdırmamaq və hazırkı siyasi kurslarını davam etdirməyə hesablanıb".
Zəhra Məmmədova