Bolqarıstan parlamenti Ukraynaya qoşun yeritməmək barədə bəyannamə qəbul edib

Tarix: 21:09 21.02.2025
Bolqarıstan Milli Televiziyasının (BNT) məlumatına görə, parlamentdə qəbul edilən bəyannamə ilə bolqarıstanlı deputatlar Ukraynadakı müharibə ilə bağlı mövqelərini əks etdiriblər. Bəyannaməyə əsasən, NATO, Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iradəsi olmadan ölkə ordusunun Ukraynada hərbi əməliyyatlarda iştirak etməməsi vurğulanıb.
Bəyanatda deputatlar Ukraynada davamlı və ədalətli sülhün Avropada sabitliyin yaradılmasında və saxlanmasında maraqlı olan bütün tərəflərin cəlb olunduğu diplomatik danışıqlar prosesi vasitəsilə əldə edilməsinə çağırıblar. Bundan əlavə, Bolqarıstan hökumətinə beynəlxalq münaqişələrin diplomatik vasitələrlə sülh yolu ilə həlli siyasətini davam etdirməyə və münaqişələrin azaldılmasına və davamlı sülh yolu ilə həll yollarının tapılmasına yönəlmiş təşəbbüsləri təşviq etməyə çağırılıb. Bundan əvvəl prezident Rumen Radev və bəzi digər siyasi liderlər parlamentdən Ukraynaya qoşun göndərilməsinə qarşı mövqeyini bir daha ifadə etməyi xahiş etmişdilər.
Milliyət.az
Meşədiyeva Türkanə