Marqarin yağlarından istifadənin zərərləri

Tarix: 21:15 21.02.2025
“Marqarin yağları bu gün ucuz başa gəldiyinə görə, bir çox istehsalçıların, eləcə də bir çox qida məhsulların hazırlanmasında istifadə olunur”.
Bu sözləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında deyib.
O qeyd edib ki, marqarin daha çox bitki yağlarının doymamış yağ turşularından hazırlanır:
“Bəzən də həddindən artıq emal prosesinə məruz qaldığına görə, tərkibindəki doymamış yağ turşuları doymuş yağ turşularına çevrilir bu da davamlı olaraq bu yağı istifadə edən insanlarda ürək-damar problemləri, xəstəlikləri ortaya çıxa bilər. Ona görə yaxşı olar ki, orqanizm sağlamlığına diqqət edən şəxslər marqarin yağlarından gündəlik istehlak üçün istifadə etməsinlər. Nəzərə alsaq ki, gündəlik standartlara görə, insan orqanizminə 25 qram yağ lazım olduğu halda, bu 25 qram yağ keyfiyyətli, orqanizm vasitəsilə asan mənimsənilən, asan həzm olunan yağlar olmalıdır. Ancaq müəyyən qidaların tərkibində marqarin və yaxud digər yağlar olacaqsa, bunlar gündəlik qəbul olunacaq yağın 10%-ni keçməməlidir və bu hər insan orqanizmi üçün eyni nəzərdə tutulmur. Xüsusilə xroniki xəstəlikləri, ürək-damar xəstəlikləri olan insanlarda, artıq çəkidən, piylənmədən əziyyət çəkən insanlarda daha tez özünü göstərə bilər və ona görə də bu məqamlara diqqət etmək lazımdır. Eyni zamanda nəzərə alaq ki, 20-25 yaşa qədər olan şəxslər inkişaf prosesində olduqlarına görə, onlar qəbul edəcəkləri hər bir qidanın keyfiyyətinə, mənşəyinə diqqət etməkləri lazımdır ki, orqanizm düzgün şəkildə inkişaf etsin və gündəlik həyat proseslərinə normal şəkildə yerinə yetirsin. Bu səbəbdən mütləq enerji mənbəyi sayılan yağı da yaxşı olar ki, keyfiyyətli, təbii yağdan əldə etsinlər”.
Ekspertin sözlərinə görə, bəzən olur ki, bir çox məhsullarda qida hiylələrinə əl atırlar:
“Rəngləndirici və dadlandırıcı ilə marqarindən hazırlasalar da kərə dadlandırıcısı və yaxud da rəngləndirici olaraq istifadə edirlərsə, belə olan halda orqanizmə həm kimyəvi maddələr olaraq zərər vermiş olurlar, həm də saxta yağlarla keyfiyyətli yağ qəbul etmirlər, bu da əsas məsələlərdən biridir. Bu gün dünyada piylənmənin artmasının əsas səbəbi də məhz belə yağlardan hazırlanan şirniyyatlardır, ona görə bu kimi yağları yaxşı olar ki, çox istifadə etməsinlər. Axşam saatlarında, xüsusilə də daha az hərəkətli olduqları vaxtda, belə yağdan hazırlanan qidaları qəbul etdikdə birbaşa piylənməyə səbəb olmaqla yanaşı, eyni zamanda da qaraciyərin funksiyasının pozulmasına gətirib çıxarır. Ona görə hər bir məqamda keyfiyyətli və mənşəyi məlum olan yağdan istifadə etmək daha yaxşı olar. Çünki marqarin yağının üstünlükləri ucuz, əlçatan olması, uzun müddət saxlama müddətinə olması və ondan hazırlanan qidaların daha gec xarab olmasına görə bir çox istehsalçılar vasitəsilə daha çox seçilir. Amma bitki mənşəli olduğu üçün bəzi insanlarda, məsələn, heyvan mənşəli qidalara, laktozaya həssaslıq varsa, heyvan mənşəli yağlardan istifadə edə bilmirsə, az miqdarda bundan istifadə edə bilər və yaxud da veqanlar, vegetarianlar üçün marqarin ən yaxşı alternativlərdən hesab oluna bilər”.
Nərmin Həşimova