Ağlamaqla şəfa tapmaq mümkündürmü ?-Mübahisəli terapiya üsulu

Bölmə: Sosial › ,
Tarix: 21:18 21.02.2025

Seans zamanı insanlar xəstələr üçün nəzərdə tutulmuş geyimləri geyinərək ağlamağa başlayıblar. Onların bəziləri əsə-əsə,bəziləri isə yerə yıxılaraq ağlayır. Düşünülür ki, bu yolla bütün acılar ortaya çıxır, və tramvalarını xatırlayaraq şəfa tapırlar.

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında psixoloq Aidə Sübhan bildirib ki, belə terapiya üsulları adətən spiritual aləmlə bağlı aparılır. Hansı ki, orada kütləvilik ön planda olur və emosional yüklənmə həddən artıq yüksək səviyyəyə çata bilər:

 

“Pasiyentlərin emosional səviyyəsi artdıqca, onların sağlamlıq durumunda dəyişikliklər, məsələn, təzyiqin yüksəlməsi, ürək döyüntülərinin artması və gərginlik halları müşahidə oluna bilər. Buna görə də qrup seanslarını təşkil etmək ən çətin məqamlardan biridir. Qrup terapiyaları sahəsində dünyada müxtəlif aktiv metodlar mövcuddur. Məsələn, psikodrama, sosial-psixoloji yanaşmalar və ya art terapiya metodları qrup şəklində tətbiq oluna bilər və daha zərərsiz, optimal üsullar hesab edilir. Lakin bu gün həmin metodların geniş yayılması müşahidə edilmir. Televiziya və ya sosial mediada gördüyümüz bəzi terapiya səhnələri bəzən anlaşılmaz və qeyri-adi görünə bilər. İnsanların yerə yıxılması, saatlarla ağlaması və ya emosional partlayışları ətrafdakılarda vahimə və gərginlik yarada bilər. Hətta terapiyada iştirak edən şəxslərin özləri belə bu vəziyyətdən həyəcanlana bilərlər, çünki baş verənlər onlar üçün tam aydın olmaya bilər. Bu gün cəmiyyətdə həmin terapiya üsullarının geniş müzakirəyə səbəb olması onların hansı formada və hansı metodlarla aparıldığının açıq şəkildə izah edilməməsi ilə bağlıdır. Belə terapiyalar, xüsusilə də psixoloqlar tərəfindən aparılarkən hər bir detal diqqətlə nəzərə alınmalı və peşəkar yanaşma təmin edilməlidir”.

 

Mehriban Nəsibova