Parasetamol dərmanı və onun təsirləri

Bölmə: Sosial › ,
Tarix: 21:23 21.02.2025

Parasetamol (Paracetamol, asetaminofen) ağrıkəsici və qızdırmasalıcı dərmandır. Baş ağrısı, əzələ ağrıları, soyuqdəymə, qrip və yüksək temperatur kimi hallarda istifadə olunur. Opiod olmayan analjeziklər qrupuna daxildir və iltihabəleyhinə təsiri zəifdir.

 

Bu mövzu ilə bağlı həkim Adil Qeybulla "informator.az"a açıqlamasında bildirib ki, parasetamol iltihabəleyhinə və ağrıkəsici dərman olaraq tibbdə istifadə olunur:

 

"Digər qeyri-steroid ağrıkəsicilərindən fərqli olaraq, mədəyə ulserogen təsirinin olmaması və ya çox az olması onun üstünlüyüdür. Yəni xora əmələ gətirici, mədə selikli qişasını aşındırıcı təsirləri azdır.

Lakin parasetamol bu gün dünyada geniş yayılan bir dərman kimi tətbiq edilsə də, digərləri kimi o da yan təsirlərdən kənar deyil. Məsələ burasındadır ki, parasetamoldan çox istifadə edildikdə qaraciyər çatışmazlığı inkişaf edir. Hər il ABŞ-də təxminən 500 nəfər parasetamol qəbuluna bağlı olaraq dünyasını dəyişir. Çünki parasetamol qaraciyərdə qaraciyər fermenti olan qlutatyon defisiti olduqda qaraciyər çatışmazlığına səbəb olur və son nəticədə kəskin qaraciyər çatışmazlığından ölüm baş verir. Ona görə də bu preparatın yan təsiri hər zaman nəzərə alınmalıdır".

 

Həmçinin həkim bildirib ki, dünyada, eləcə də Amerikada və Avropa ölkələrində parasetamol həm marketlərdə, həm də apteklərdə satılır:

 

" Parasetamol, aspirin və ibuprofen bu dərmanlardandır ki, marketlərdə reseptsiz satıla bilir. Parasetamol həmçinin ağrıkəsici təsiri gücləndirmək üçün ibuprofen və kodeinlə kombinə oluna bilər. Bu, dünyada praktikada mövcuddur.

Amma yenə də qeyd edim ki, parasetamolun qəbulu zamanı qaraciyərində xəstəlik olanlar, qaraciyər sirrozu, autoimmun hepatiti və ya virus hepatiti olanlar maksimum ehtiyatlı olmalıdırlar. Parasetamol uşaqlara da verilir – "Panadol", "Efferalqan" və digər tərkiblərdə. Böyüklər isə "Noqrippin", "Teraflyu" və digər çoxsaylı adlar altında parasetamol əsaslı dərmanlardan istifadə edirlər.

Əlbəttə, Dünya Səhiyyə Təşkilatı parasetamolun belə ciddi təsiri olduğunu bilsə də, hələlik bu dərman dünyada geniş yayılan və daha təhlükəsiz dərman kimi qəbul olunur. Lakin yenə də unutmaq olmaz ki, yüksək dozalarda və xüsusilə qaraciyər xəstəliyi olan insanlarda hepatotoksik təsir göstərə və hətta ölümə səbəb ola bilər".

 

Nigar Həsənzadə