Ermənistan Avropa İttifaqına daxil olsa, münasibətlər daha da gərginləşəcək-POLİTOLOQDAN ŞƏRH

Tarix: 21:49 21.02.2025
Son dövrlərdə Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və bu quruma inteqrasiya istiqamətində atdığı addımlar regionda maraqla izlənir. Ermənistanın Aİ-yə üzvlüklə bağlı qanunvericilik təşəbbüsləri, xüsusilə Rusiya ilə olan ənənəvi strateji tərəfdaşlıq münasibətlərinə təsir göstərə bilər.
Politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında qeyd olunan məsələni şərh edib:
“Sözügedən mövzu Ermənistanda 2018-ci ildən etibarən aktual olmağa başlayıb. Ermənistan bu məqsədlə İrəvanda bir çox görüşlər təşkil edib. Həmçinin, bu məsələdə ona tərəf çıxan müttəfiqləri də olduqca çoxdur”.
Şərhçinin sözlərinə görə, ümumi siyasi kontekstə əsasən İrəvanın üzvlüyü çətin məsələ kimi qiymətləndirilir:
“Çünki Ermənistan paralel olaraq Avropa İttifaqına rəqib olan Avrasiya İqtisadi Birliyinə də üzvdür. Rusiya rəsmiləri: Xarici İşlər Naziri Sergey Lavrov, prezidentin mətbuat katibi Dimitri Peskov da dəfələrlə öz açıqlamasında bildirib ki, Ermənistan Avropa İttifaqına üzv olmaq istəyirsə, Avrasiya İqtisadi Birliyini tərk etməlidir”.
Politoloq bildirir ki, Ermənistan hər 2 təşkilatın gücündən yararlanmağa çalışır:
“Lakin bu halın baş tutması qeyri-mümkündür. Onu da qeyd etmək lazımdır ki, Ermənistan və Rusiya arasındakı münasibətlərdə soyuqluq mövcuddur”.
Z.Əmrəliyev sonda əlavə edir ki, Ermənistan Avropa İttifaqına daxil olsa, münasibətlər daha da gərginləşəcək:
“Avropa Birliyi də Rusiya ilə münasibətləri stabil saxlamaq istəyir. Buna görə də Ermənistanın Avropa Birliyinə qoşulması yaxın gələcəkdə qeyri-mümkündür”, - deyə şərhçi yekunlaşdırıb.
Xədicə Bayramlı