Hüquq sistemi və gələcəyi: Qanunların tətbiqi və avtomatlaşdırma

Bölmə: Sosial › ,
Tarix: 23:50 21.02.2025

Hüquq sistemi cəmiyyətin nizamını qorumaq üçün mövcuddur. Lakin bəzən qanunların tətbiqi və əhatə dairəsi mübahisələrə səbəb olur. Xüsusilə, qanunların ədalət prinsiplərinə nə dərəcədə uyğun olduğu və gələcəkdə hüquq sisteminin necə dəyişəcəyi müzakirə mövzusudur.

 

Hüquqşünas Ramil Süleymanov “İnformator.az”a açıqlamasında bildirib ki, qanunu bilməmək heç bir şəxsi məsuliyyətdən azad etmir. O, hüquqi məsuliyyətin üç əsas formasının mövcud olduğunu qeyd edib:

 

“Qanunu bilmədən pozan hər bir şəxs məsuliyyət daşımalıdır. Hüquqi məsuliyyət üç yerə bölünür: mülki, cinayət və inzibati məsuliyyət. Azərbaycan demokratik bir ölkədir və belə bir sistemdə qanunlar insanların hüquq və azadlıqlarının təmin olunması üçün nəzərdə tutulmalıdır”.

 

O, cəmiyyət üçün faydasız qanunlarla bağlı konkret fikir bildirməsə də, hüquq sisteminin daim texnologiyalara və yeniliklərə uyğunlaşmalı olduğunu vurğulayıb:

 

“Hüquq elə bir sahədir ki, müasir texnologiyalara və innovasiyalara uyğunlaşmaq məcburiyyətindədir. Süni intellekt artıq bəzi standart məhkəmə qərarlarının yazılmasına kömək edir. Məsələn, boşanma ilə bağlı işlərdə tərəflərin məlumatları daxil edildikdə, sistem avtomatik olaraq qətnamə hazırlaya bilir”.

 

Bununla belə, Süleymanov bəzi hüquqi məsələlərin mütləq insan düşüncəsi tələb etdiyini qeyd edib:

 

“Vəkillik peşəsi beyin işlətməyi tələb edən sahədir. Cinayət işlərinin araşdırılması, sübutların təhlili və insanların hüquqlarının qorunması kimi məsələlərdə insan müdaxiləsi zəruridir. Şablon hüquq qaydaları müəyyən dərəcədə avtomatlaşdırıla bilər, lakin vətəndaşların hüquq və azadlıqları ilə bağlı məsələlərdə vəkillik hər zaman ehtiyac duyulan bir sahə olaraq qalacaq”.

 

Sonda o vurğulayıb ki, hüququn tam avtomatlaşdırılması mümkün deyil və gələcəkdə də insan hüquqşünaslarına ehtiyac olacaq.

 

Zeynəb Yunuszadə