Xəzər dənizinin çirklənməsi hansı problemlərə yol açır?-EKOLOQ AÇIQLADI

Tarix: 15:38 22.02.2025
Xəzər dənizinin ekoloji problemləri, xüsusilə dayazlaşma və çirklənmə, region ölkələrinin siyasi və iqtisadi münasibətlərinə bir neçə istiqamətdə təsir edə bilər.
Bu fikirləri “İnformator.az”a açıqlamasında ekoloq Cəmşid Bəxtiyar bildirib:
“Siyasi Gərginlik və Diplomatik Münasibətlər – Xəzərin ekoloji problemləri transsərhəd məsələ olduğu üçün dövlətlər arasında koordinasiyanı tələb edir. Bu, təbii ki, siyasi münasibətlərdən asılı bir məsələdir. Dənizin hüquqi statusu və təbii resursların bölüşdürülməsi ilə bağlı uzun illər davam edən müzakirələr göstərir ki, ölkələr arasında tam harmonik əməkdaşlığın mövcudluğu bəzən çətinliklərə səbəb olur”.
Ekoloq çirklənmə və suyun azalması ilə bağlı problemlərin hələ də gündəmdə olduğunu nəzərə çatdırıb:
“Çirklənmə və ya suyun azalması ilə bağlı günahlandırmalar diplomatik gərginlik həddinə çatmasa da bu yöndə işlərin hamar getməməsi də sirr deyil”.
C.Bəxtiyarın sözlərinə görə, Xəzər regionu neft və qaz ehtiyatları ilə olduqca zəngindir:
“Dənizin dayazlaşması və çirklənməsi bu resurslardan istifadə imkanlarını məhdudlaşdıra bilər, həmçinin dənizdəki neft platformalarının fəaliyyətini də çətinləşdirə bilər. Bu isə sözsüz ki, enerji ixracına və regional iqtisadiyyata mənfi təsir edə bilər”.
Ekoloq qeyd edir ki, Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olmaqla unikal ekosistemə malikdir:
“Dayazlaşma və çirklənmə dəniz faunasına, xüsusilə də nərə balıqlarının populyasiyasına ciddi təhlükə yaradır. Bu isə dənizdən gəlir əldə edən balıqçılıq sənayesinə mənfi təsir göstərir”.
Ekspert Xəzər dənizinin ekoloji böhranının qarşısını almaq üçün dövlətlər arasında əməkdaşlığın zəruri olduğunu bildirib:
“Bu əməkdaşlıq bir neçə istiqamətdə inkişaf etdirilə bilər: Xəzəryanı dövlətlər (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) birgə ekoloji monitorinq sistemləri qurmalı, dənizin səviyyəsi, suyun keyfiyyəti və biomüxtəlifliyi ilə bağlı daimi tədqiqatlar aparmalıdır. Dənizin səviyyəsinə təsir edən hər hansı insan amili varsa, bu məqamlardan yararlanaraq dəniz suyunun azalma tempini ləngitməyə cəhd etmək olar. Məsələn, Volqa-Don kanalı vasitəsiylə Don çayının suyunun Volqaya axıdılmasıyla Xəzərin səviyyəsinin qorunmasında müəyyən nəticə əldə etmək olar”.
Ekspert həmçinin nəzarət mexanizmlərinin yaradılmasının zəruriliyini də ön plana çəkib:
“Sənaye tullantılarının Xəzərə axıdılmasının qarşısını almaq üçün vahid ekoloji standartlar qəbul edilməli və onların icrası üçün ciddi nəzarət mexanizmləri yaradılmalıdır. Həmçinin, dövlətlər ekoloji fəlakətin qarşısını almaq üçün dənizə təsiri az olan yaşıl iqtisadiyyat sahələrinə sərmayə qoymalıdır. Məsələn, bərpa olunan enerji mənbələrinin inkişafı və neft-qazdan asılılığın azaldılması mühüm addımlardandır”.
Ekoloq sonda əlavə edir ki, Xəzərin ekoloji qorunması üçün BMT-nin Ətraf Mühit Proqramı (UNEP) kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilə bilər:
“Bundan əlavə, Xəzər regionunda ekoloji layihələr üçün xüsusi fondlar yaradılaraq, problemlərin həllinə maliyyə dəstəyi artırıla bilər. Ümumilikdə, Xəzər dənizinin ekoloji problemlərinin həlli yalnız region dövlətlərinin birlikdə atdığı addımlarla mümkün ola bilər. Əgər bu məsələyə qarşı vahid yanaşma formalaşdırılmasa, ekoloji böhran gələcəkdə daha ciddi siyasi və iqtisadi nəticələr doğura bilər”, - deyə ekoloq yekunlaşdırıb.
Pünhan Həsənova